00:00:00
Yazar
Nərmin Həşimova
11.05.2026 17:18 42 2 dəq oxuma
Siyasət

“Putin və Zelenski görüşərsə, savaşın bitirilməsi istiqamətində önəmli addım kimi dəyərləndirilə bilər”- ŞƏRH

“Putin və Zelenski görüşərsə, savaşın bitirilməsi istiqamətində önəmli addım kimi dəyərləndirilə bilər”- ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə mümkün görüşə dair yeni açıqlama verib. Putin bildirib ki, tərəflər arasında sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə olunarsa, görüş təkcə Moskvada deyil, üçüncü bir ölkədə də keçirilə bilər. Onun sözlərinə görə, belə görüş danışıqlar prosesi deyil, artıq razılaşdırılan sənədin imzalanması üçün yekun mərhələ olmalıdır.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Vladimir Putinin Zelenski ilə görüşməyə hazır olduğunu bildirməsi önəmli mesajdır:


“Nəzərə alsaq ki, əvvəllər Rusiya tərəfi bu görüşü müxtəlif şərtlərə bağlayırdı, xüsusilə də Zelenskinin Moskvaya gəlməli olduğu deyilirdi. Bundan başqa, Rusiyanın tələblərinin tam şəkildə qəbul olunması istənilirdi. Amma görünən odur ki, müəyyən qədər şərtlər dəyişib və Rusiya tərəfi Ukraynanın da potensialının artdığını gördüyündən belə bir görüşə hazır olduğunu bəyan edir. Önəmli məqam isə ondan ibarətdir ki, bu görüşün üçüncü bir ölkədə keçirilməsinə də razılıq verilməsi çox mühümdür. Nəzərə alsaq ki, bir müddət öncə Azərbaycanda səfərdə olan Ukrayna prezidenti bəyan edib ki, Vladimir Putinlə onun arasında görüş Azərbaycanda keçirilə bilər. Azərbaycan kifayət qədər yaxşı platformadır. Bu baxımdan görünən odur ki, arxa planda müəyyən təmaslar davam etməkdədir. Hətta Slovakiyanın Baş nazirinin Moskvadakı paradda iştirakı və ondan sonra səsləndirdikləri də göstərdi ki, tərəflər arasında dialoq pəncərəsi bağlanmayıb.
Əgər Putin və Zelenski görüşərsə, bu, savaşın bitirilməsi istiqamətində önəmli addım kimi dəyərləndirilə bilər. Bu savaşın dayandırılmasının əsas şərtlərindən biri isə Ukraynanın qarşılıqlı təhlükəsizlik zəmanətləri verilməsi ilə bağlıdır.
Rusiya belə bir zəmanət verəcəkmi? Açığı, bu, kifayət qədər sual doğuran məsələdir, çünki Rusiyanın Ukrayna ilə bağlı planları son 4 ildə tam şəkildə həyata keçməyib. Doğrudur, Rusiya Ukraynanın təxminən 20 faiz ərazilərini işğal edib, amma nəzərdə tutulan plan tam reallaşmayıb.
Bütün hallarda, bu görüş baş tutarsa və savaş dayandırılarsa, o zaman bunun dünyadakı proseslərə də pozitiv təsir göstərə biləcəyini düşünürük. Bu, geosiyasi balansa necə təsir edəcək? Savaş dayanarsa, bu, Ukraynanın artıq orta güc statusunda savaşın bitirilməsinə nail olduğunu göstərəcək. Rusiya isə öz ambisiyalarını müəyyən qədər artırsa və əlavə torpaqları nəzarətdə saxlasa da, çox böyük qazanc əldə edən tərəf kimi görünməyəcək. Yəni savaşın dayanması əslində Ukrayna üçün çox vacibdir. Belə olan halda, Ukraynanın bərpası ilə bağlı kifayət qədər ciddi addımların atılacağı gözlənilir ki, bu da Ukraynanın sürətli inkişafına gətirib çıxaran amillərdən biri ola bilər”.


Mehriban Yariyeva

#Putin #Zelenski #görüş #ehtimal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər