00:00:00
Yazar
Zəhra Həsənova
24.07.2026 21:36 42 3 dəq oxuma
Sosial

“Peşə seçərkən yalnız maraqları deyil, əmək bazarının gələcək tələblərini də nəzərə almaq lazımdır” - İlham Orucov

“Peşə seçərkən yalnız maraqları deyil, əmək bazarının gələcək tələblərini də nəzərə almaq lazımdır” - İlham Orucov

Azərbaycanda peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib. Qəbul kampaniyası çərçivəsində abituriyentlər müxtəlif ixtisaslar üzrə elektron qaydada müraciət edə biləcəklər. Prosesin şəffaf və əlçatan şəkildə həyata keçirilməsi, əmək bazarının tələbatına uyğun ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi və gənclərin peşə təhsilinə marağının artırılması əsas hədəflər sırasındadır. Qəbulun yekununda namizədlər seçdikləri ixtisaslar üzrə peşə təhsili almaq imkanı əldə edəcəklər.

Peşə təhsili üzrə qəbul sistemində bu il tətbiq edilən yeniliklərdən danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlham Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, əsas dəyişikliklər rəqəmsallaşma, infrastrukturun inkişafı və ixtisas çeşidinin genişləndirilməsi istiqamətlərini əhatə edir:

 

“Bu ildən etibarən peşə təhsili üzrə qəbul sisteminə giriş ilk dəfə olaraq MyGov ID vasitəsilə həyata keçirilir. Bu, yeni elektron inteqrasiya deməkdir. Bu yenilik qəbul prosesində şəffaflığı artırır və sənəd yüklənməsini minimuma endirir. Çünki tələb olunan sənədlər MyGov ID vasitəsilə elektron hökumət portalından avtomatik əldə olunur. Beləliklə, sənəd yüklənməsi azalır, eyni zamanda şəffaflıq və obyektivlik mövcud reallıqlar çərçivəsində maksimum səviyyədə təmin edilir. Bu il əmək bazarının mövcud tələblərinə uyğun olaraq beş yeni ixtisas üzrə də qəbul aparılacaq. Geodeziya, kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası kimi ixtisaslar istifadəyə verilib.
Yeniliklərdən biri də plan yerlərinin və dövlət sifarişinin artırılmasıdır. Bu il 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə rekord sayda - 33 120 plan yeri ayrılıb. Onların 74 faizi dövlət sifarişlidir”.

 

İlham Orucov bildirib ki, seçilmiş peşə ixtisasları üzrə təhsil alan tələbələr yerli diplomlarla yanaşı, əmək bazarına çıxışı asanlaşdıran beynəlxalq sertifikatlar da əldə edəcəklər:

 

“Bu, məzunların gələcəkdə qlobal əmək bazarında iş imkanlarını daha da genişləndirəcək. Peşə məktəblərinin infrastruktur imkanları genişləndirilib, yataqxana təminatı artırılıb. Regionlardan olan tələbələrin mobilliyini təmin etmək məqsədilə səkkiz peşə təhsili müəssisəsində min yerlik yataqxana şəraiti yaradılıb.
Peşə təhsilinin və peşəkar kadr statusunun cəmiyyətdə daha da populyarlaşdırılmasına diqqət ayrılmalıdır. Yüksək texniki peşə təhsilini bitirənlərin imtahansız şəkildə ali təhsilə keçid imkanları barədə maarifləndirmə gücləndirilməlidir. Tələbələrin təhsilin ilk günlərindən etibarən real şirkətlərdə ödənişli təcrübə keçməsi və gələcək iş yerlərinin təmin olunması istiqamətində təhsil və sənaye tərəfdaşlığı mütləq şəkildə gücləndirilməlidir”.

 

O, maddi stimullaşdırma mexanizmlərinin də əhəmiyyətli olduğunu qeyd edib:

 

“Uğurlu tələbələrə verilən təqaüdlərin artırılması və dövlət sifarişli yerlərin coğrafiyasının genişləndirilməsi rəqabəti və marağı artıracaq vacib addımlardandır. Peşə məktəbləri ilə bağlı sovet dövründən qalan stereotiplər hələ də cəmiyyətdə mövcuddur. Bu təsəvvürləri dəyişmək üçün yeni yaradılan müasir emalatxanalar və rəqəmsal laboratoriyalar mediada daha geniş şəkildə təbliğ olunmalıdır.
Abituriyentlər ixtisas seçərkən yalnız şəxsi maraqlarını deyil, həm də yaxın 5-10 ilin iqtisadi trendlərini və əmək bazarının tələblərini nəzərə almalıdırlar.
Qəbul planının 44 faizi iqtisadiyyat, xidmət və informasiya texnologiyaları sahələrinin payına düşür.
Qrafik dizayn, kompüterlərin təmiri və digər texniki ixtisaslar gələcəyin ən dinamik sahələri sırasında olacaq. Tam orta təhsil bazasından müraciət edənlər yüksək texniki peşə təhsili proqramlarına üstünlük verməlidirlər. Bu səviyyə həm mühəndis köməkçisi statusu qazandırır, həm də ali təhsilə keçid üçün daha geniş imkanlar yaradır. Plan yerlərinin 66 faizi regionların payına düşdüyündən bölgələrdə yaşayan abituriyentlər aqrar və sənaye yönümlü ixtisaslara diqqət yetirməlidirlər. Bitkiçilik mütəxəssisi, suvarma operatoru, elektrik, qaynaqçı və digər sənaye ixtisasları əmək bazarında daha çox tələb olunan sahələrdir”.

 

Sonda o vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri yeni məşğulluq imkanları yaradır:

 

“İşğaldan azad edilən ərazilərdə tikinti, geodeziya, infrastruktur və xidmət sahələrində minlərlə yeni vakansiya yaranır. Hesab edirəm ki, bu imkanlardan yararlanmaq üçün məhz qeyd etdiyim istiqamətlər üzrə ixtisas seçənlər gələcəkdə birbaşa məşğulluq imkanları əldə edəcəklər”, - İlham Orucov fikrini yekunlaşdırıb.

Fatimə Hüseynli

#gündəm #əmək #nəzərə #almaq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər