00:00:00
Yazar
Ayan Sadi
25.08.2026 23:18 21 2 dəq oxuma
Gündəm

Regionda yeni iqtisadi və siyasi imkanlar  Qazaxıstanla Ermənistan arasında ikitərəfli əməkdaşlıq nələr vəd edir? 

Regionda yeni iqtisadi və siyasi imkanlar – Qazaxıstanla Ermənistan arasında ikitərəfli əməkdaşlıq nələr vəd edir?

Qazaxıstanla Ermənistan arasında ikitərəfli əməkdaşlığın inkişafı son dövrlərdə daha da intensivləşir. İki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişlənməsi regional əlaqələrin şaxələnməsi baxımından diqqət çəkir.

 

 “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov Qazaxıstanla Ermənistan arasında ikitərəfli əməkdaşlığın yeni olmadığını diqqətə çatdırır. Əlavə edir ki, Ermənistanda keçirilən müxtəlif tədbirlərdə Qazaxıstan səfirinin və qazaxıstanlı rəsmilərin iştirakı iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığın mövcud olduğunu göstərir.

 

Politoloqun sözlərinə görə, Qazaxıstanla Ermənistan arasında formalaşan iqtisadi-siyasi əməkdaşlığın Azərbaycana qarşı yönəlməsi üçün hər hansı əsas yoxdur. Əksinə, Orta Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin şaxələnməsi fonunda bu münasibətlərin inkişafı regionda qarşılıqlı əməkdaşlığın güclənməsinə xidmət edə bilər.

 

“Düşünmürəm ki, Qazaxıstanla Ermənistan arasında formalaşan iqtisadi-siyasi əməkdaşlıq Azərbaycana qarşı ola bilər. Əksinə, Orta Asiyanın şaxələnməsi kontekstində Qazaxıstanla Ermənistan arasında ikitərəfli əlaqələrin dərinləşməsi Ermənistanda Türkiyə ilə bağlı mövcud xofun zəiflədilməsinə, cəmiyyətin Nikol Paşinyanın siyasi xəttini daha çox dəstəkləməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına mühüm töhfə ola bilər”.

 

Ekspertin fikrincə, Qazaxıstanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində də müsbət mövqeyi var. O qeyd edir ki, Qazaxıstan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılması üçün öz ərazisini təklif edən ölkələrdən biridir.

 

Rəşad Bayramov hesab edir ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin müsbət dinamikası nəzərə alınarsa, Qazaxıstanın Ermənistanla əlaqələrinin inkişafını Azərbaycana qarşı yönəlmiş proses kimi qiymətləndirmək doğru olmaz.

 

“Qazaxıstanla Ermənistan arasında qurulan əlaqələr gələcəkdə Orta Asiya ilə Cənubi Qafqazın əməkdaşlığının və inteqrasiyasının inkişafında mühüm rol oynaya bilər. Avqustun 24-də Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində Əbədi Dostluq Müqaviləsinin imzalanması da hər iki regionun inteqrasiyası baxımından mühüm addım idi”.

 

Politoloqun sözlərinə görə, Qazaxıstan-Ermənistan münasibətlərinin inkişafı region dövlətlərinin üçüncü bir supergücün iştirakı olmadan qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etməsinə və dinc birgəyaşayış siyasətinin möhkəmlənməsinə töhfə verə bilər.

 

Ekspert hesab edir ki, Azərbaycanın dost və qardaş Qazaxıstanla Ermənistan arasında əlaqələrin inkişafından narahat olması üçün hər hansı əsas yoxdur. Əksinə, regional əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz və Orta Asiya arasında qarşılıqlı inteqrasiyanın güclənməsinə xidmət edə bilər.

 

Süsən Mərdalıqızı

#yeni #gündəm #baki #iqtisadi #qazaxıstanla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər