Gürcüstan və Azərbaycan-İki ölkə arasında münasibətlər güclənir

Bölmə: Siyasət › ,
Tarix: 15:47 17.04.2025

15 apreldə Gürcüstan Prezidenti Mixail Kavelaşvili xarici səfəri çərçivəsində Azərbaycana gəldi. 16 apreldə Prezident İlham Əliyevlə görüş baş tutdu. Görüş zamanı iki liderin mətbuata verdiyi bəyanatlar diqqət çəkdi.

Enerji, logistika, etnik və siyasi məsələlər üzrə sıx əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirən əsas amillərdən biridir.

 

Gürcüstan Prezidentinin Azərbaycana ilk səfəri iki ölkə münasibətlərinə və əməkdaşlığa necə təsir edir?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “Informator.az”a bildirib ki, Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünə hörmət göstərir:

" Kavelaşvili Prezident İlham Əliyevlə mətbuata bəyanatında bu məsələyə toxunaraq deyib: “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim".

 

Tbilisi, həqiqətən də, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan-Azərbaycan danışıqlarında konstruktiv mövqe sərgiləyib, zərurət yarandıqda vasitəçilik təklifləri irəli sürüb. 44 günlük müharibə zamanı Gürcüstan Rusiya və Qərbdən gələn yardımların Ermənistana keçidinə imkan verməyib. Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya və Osetiya münaqişələrində Tbilisini dəstəkləyib.

 

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkədəki ən sabit və sülh tərəfdarı olan etnik azlıq sayılır. Gürcüstanda abxazlar, osetinlər, hətta ermənilər belə Rusiyanın təsiri ilə vaxtaşırı Gürcüstan dövlətinə qarşı separatçı fəaliyyət göstərsələr də, azərbaycanlılar hökumətə sadiq qalıb. Təbii ki, bu məsələdə Bakının sərgilədiyi mövqe də mühüm rol oynayır".

 

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə mətbuata verdiyi bəyanatda qeyd edib:

“Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyır".

 

Doğrudan da, Gürcüstan və Azərbaycan regionda mühüm meqalayihələri birgə həyata keçirirlər. Onlardan ən önəmlisi TANAP layihəsidir. Bu layihə ilə rəsmi Bakı Avropanın enerji təminatında ildən-ilə mühüm oyunçuya çevrilir. Gürcüstan isə tranzit ölkə kimi bu prosesdə əhəmiyyətli rola malikdir.

 

Politoloq əlavə edib ki, Gürcüstanın Batumi və Poti limanları Azərbaycanın dünya ticarətinə açılan pəncərələridir:

“Yəni iki ölkə arasında səmimi dostluqla yanaşı, qarşılıqlı maraqlar əsasında uğurlu əməkdaşlıq mövcuddur".

 

Ümumiyyətlə, Gürcüstanın Azərbaycan üçün önəmini ölkə başçısının bu sözləri də gözəl ifadə edir:

“Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız və Gürcüstandsız təsəvvür etmək mümkün deyil".

 

Gürcüstanda son bir ildə baş verən daxili-siyasi proseslər də Tbilisi-Bakı dostluğu baxımından mühüm sınaq oldu. Belə ki, 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkiləri və sonrasında Qərbin reaksiyaları Tbilisinin daxili işlərinə müdaxilə kimi qiymətləndirildi. Azərbaycan bu məsələdə təmkinli mövqe sərgilədi və Gürcüstanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu dəfələrlə bəyan etdi. Hətta seçkilərdə Azərbaycandan nümayəndələr də iştirak etdi.

 

Prezident Kavelaşvili bu kontekstdə bildirib:

“Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik. Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib".

 

Yeni dünya düzəninin formalaşdığı bu dövrdə Bakı-Tbilisi münasibətlərinin daha da güclənməsi həm ikitərəfli, həm də regional baxımdan xüsusi əhəmiyyət daşıyır.

 

Türkan Kərimli