Fibromiyalgiya: Görünməyən Ağrıların Səssiz Əzabı

Bölmə: Sosial › ,
Tarix: 20:35 09.05.2025

Fibromiyalgiya təkcə bədəni deyil, insanın psixikasını da ciddi şəkildə təsir edir”.

 

Bu sözləri "İnformator.az"a açıqlamasında psixoloq Xədicə Cəbrayılova deyib.

 

Onun sözlərinə görə, son dövrlərdə daha çox insanın gündəlik həyatını təsir edən fibromiyalgiya sindromu tibb və psixologiya sahəsində diqqət mərkəzindədir:

 

" Fibromiyalgiya bəzən görünməyən, lakin həyat keyfiyyətini ciddi şəkildə aşağı salan bir problemə çevrilə bilər.

Xroniki ağrı sindromu olan fibromiyalgiya – geniş yayılmış bədən ağrıları, daimi yorğunluq və yuxu pozuntuları ilə xarakterizə olunur. Bu pozuntu zamanı bədəndə hər hansı struktur zədələnmə və ya iltihab müşahidə olunmasa da, insanlar ciddi ağrılar hiss edir. Fibromiyalgiya xüsusilə boyun, kürək, çiyin və bel nahiyələrində simmetrik şəkildə hiss edilən ağrılarla özünü göstərir. Bununla yanaşı, xəstələrdə xroniki yorğunluq, konsentrasiya pozuntusu, keyfiyyətsiz yuxu və emosional gərginlik kimi hallar müşahidə olunur. Bəzi hallarda baş ağrısı, əzələ sərtliyi və həzm problemləri də baş verir.

Fibromiyalgiya daha çox 30–50 yaş arası qadınlarda rast gəlinir, lakin bu sindrom hər yaşda və hər iki cinsdə müşahidə oluna bilər. Uzunmüddətli stress, yuxu pozuntuları və emosional travmalar risk faktorları arasında yer alır. Bu yalnız fiziki deyil, eyni zamanda ciddi psixoloji təsirlər də yaradır. Anksiyete (narahatlıq), depressiya, özünə güvənsizlik və sosial uzaqlaşma bu pasiyentlərdə geniş yayılıb. Onlar bəzən öz ağrılarının ciddiyə alınmadığını hiss edir ki, bu da emosional tükənməyə səbəb ola bilər".

 

 Müsahibimizin sözlərinə görə, diaqnozun qoyulması üçün xüsusi testlər olmasa da, klinik müşahidələr və ağrı nöqtələrinin qiymətləndirilməsi əsas götürülür:

 

“Əgər bədəndəki 18 nöqtədən ən azı 11-i ağrılıdırsa və digər tibbi səbəblər istisna olunursa, fibromiyalgiya diaqnozu ehtimalı artır. Tam sağalma mümkün olmasa da, simptomların idarə olunması və həyat keyfiyyətinin artırılması mümkündür.

Koqnitiv-davranışçı terapiya, fiziki aktivlik, uyğun dərmanlar, yuxu və qidalanma rejiminə diqqət simptomların azalmasına kömək edə bilər".

 

Ayan Əsgərova