“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk-Azərbaycan Prezidenti

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:29 22.04.2025

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.

Mövzu ilə bağlı “İnformator.az” a iqtisadçı Pərviz Heydərov bildirir ki, Çin ilə qarşılıqlı iqtisadi, siyasi, habelə digər münasibətlərə ölkəmiz böyük önəm verib, verir və verəcəkdir:

 

“Çünki bu münasibətlərin təkcə iki ölkə üçün deyil, bütün region, hətta qitələrarası əlaqələr üçün çox böyük əhəmiyyəti vardır. Bu da Azərbaycanımızın olduqca əlverişli coğrafi mövqedə yerləşməsi ilə əlaqədardır. Odur ki, ikitərəfli münasibət və əlaqələrimizə Çin özü də böyük əhəmiyyət verir və xüsusi diqqət ayırır. Yeri gəlmişkən, qeyd edim ki, bilavasitə ölkəmiz sözügedən sahədə və istiqamətlərdə çox töhfələr ortaya qoyub və qoymaqda da davam edir. Məsələn, Azərbaycan ÇXR-in Sədrinin irəli sürdüyü "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Söhbət, sözdə deyil, əməli surətdə olan dəstəkdən gedir. Dövlət başçımız İlham Əliyev təsadüfən qeyd etməyib ki, Azərbaycan "Kəmər və yol" layihəsinin reallaşması üçün istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra ikinci ölkədir ki, daha çox investisiyalar qoyub. Belə ki, sözügedən layihənin gerçəkləşməsi məqsəgilə özünün əlverişli coğrafi mövqeyini nəzərə alan ölkəmiz ərazimizdən yük axınını kəskin artırmaq üçün beynəlxalq nəqliyyat dəhlizlərini ən yüksək səviyyədə inkişaf etdirmiş, bu sahədə müasir infrastruktur yaratmış və onların ötürücülük qabiliyyətini artırılmasını təmin etmək hədəfi baxımından külli məbləğdə investisiyalar qoymuş və qoymaqda da davam edir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı bunlara bariz nümunədir. Ümumiyyətlə, Çinlə əməkdaşlıq Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı üçün çox böyük perespektivlər açır. Bu, yerli istehsalın inkişafı deməkdir. Hansı ki, hazırda bu bizim üçün əsas prioritet sayılır. Ümumiyyətlə, Çin ilə Avropa arasında ən başlıca tranzit ölkəyə çevrilməyimiz ölkəmizdə iqtisadiyyatın inkişafına təkan rolunda çıxış edir və edəcək ki, biz, bunun nəticələrini tam olaraq indi deyil, hələ qarşıda görəcəyik. Azərbaycanın inkişafı isə bütün region ölkələri üçün səmərə gətirəcək. Yəni, bundan qazanan tək biz deyil, Çin-Avropa xətti üzrə bütün ölkələr olacaq”.

 

Aysel Mirzəyeva