Tullantıların xammala çevrilməsi

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:36 22.04.2025

Tullantıların xammala çevrilməsi, müasir dövrün ən vacib məsələlərindən biridir. Bu proses, yalnız ətraf mühitin qorunması üçün deyil, həm də iqtisadi fayda yaratmaq üçün önəmlidir. Tullantıların təkrar emalı və onların yenidən istifadəyə yönəldilməsi, təbii resursların daha səmərəli istifadəsini təmin edir. Azərbaycanda bu sahədə müəyyən addımlar atılsa da, hələ də inkişaf etməsi və genişlənməsi lazım olan bir çox istiqamət mövcuddur.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli "informator.az"a açıqlamasında bildirib ki, müasir mərhələdə bütün ölkələrdə insanların çoxalması ilə əlaqədar olaraq böyük şəhərlərdə tullantı ciddi problemlər yaradır:


"Bu tullantıların yığılması üçün xüsusi xidmətə ehtiyac var. Azərbaycanda bu tullantılar toplanır, çeşidlənir və plastik tullantılar seçilir. Onların içərisindən təkrar istehsala yararlı olan materiallar seçilir. Yerdə qalan heç nəyə yaramayan tullantıları isə məişət tullantılarının zərərsizləşdirilməsi zavodunda yandırıb, ondan elektrik enerjisi alırlar. Amma Azərbaycanda bu sahə zərərlə işləyən sahə kimi tanınır. Bunun səbəbləri isə tullantılardan istifadə texnologiyasının zəif olması, tullantıların idarə edilməsindəki problemlərdir. Dünyada tullantısız texnologiyalar daha çox Yaponiyada inkişaf edib. Orada tullantını daşımaq üçün xərc çəkilmir. Hər bir şəxs öz tullantısını toplayır və həftədə 1 dəfə onu tullantıların qəbulu məntəqəsində satır. Tullantıları alan şirkət isə vətəndaşdan aldığı tullantıdan əlavə qazanc götürür. Almaniyada isə özəl şirkətlər tullantını toplayıb daşımaq üçün həm vətəndaşlardan haqq alır, həm də bu tullantı onun əmlakı sayılır. Hər iki sistem uğur qazanır. Bizim hazırda tətbiq etdiyimiz sistem Almaniya sistemidir. Amma çox təəssüflər olsun ki, Almaniyadakı sistemi eynilə tətbiq edə bilmirik".

Fatimə Heydərova