ATƏT-in Minsk qrupunun gələcəyi müzakirə olunur

Bölmə: Siyasət › ,
Tarix: 22:52 22.04.2025

Ermənistan -Azərbaycan münasibətlərində son illərdə baş verən dəyişikliklər və 44 günlük müharibədən sonra ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı fikirlər var. Uzun illər boyu Qarabağ münaqişəsinin “həlli” üçün yaradılan bu qurum artıq hüquqi, həmçinin siyasi baxımdan öz əhəmiyyətini itirib.

 

Məsələ ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a verdiyi açıqlamada bildirib ki, biz ATƏT-siz, kənar təsir olmadan bir neçə il ərzində münaqişəni böyük ölçüdə həll etmişik:

 

"ATƏT-in Minsk qrupu praktik olaraq fəaliyyət göstərmir. Bu qurumun fəaliyyəti üçün artıq hüquqi baza da yoxdur. Bu, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılmış bir qurum idi. Ancaq faktiki olaraq 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri fonunda biz Qarabağ münaqişəsinin həllinin şahidi olduq. Belə olduğu təqdirdə ATƏT-in Minsk qrupunun artıq proseslərdə iştirakçı mandatı yoxdur. Mövcud münaqişə isə Ermənistan -Azərbaycan münaqişəsidir. 

 

Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə bir neçə tərəfdən baxır. Birincisi, bu quruma artıq ehtiyac yoxdur. İkincisi, bu, keçmiş bir münaqişənin qalığı kimi hesab olunur və bu qurum fəaliyyət göstərdikcə, şübhəsiz ki, münaqişənin izi qalacaq. Digər bir məsələ isə Ermənistan -Azərbaycan danışıqlarında kifayət qədər irəliləyişin əldə olunmasıdır. Sülhə də kifayət qədər yaxınıq. Biz ATƏT-siz, kənar təsir olmadan bir neçə il ərzində münaqişəni böyük ölçüdə həll etmişik".

 

Fatimə Şahverdiyeva