BDU və Buxara Tibb İnstitutu tələbələr üçün yeni təhsil imkanları açır

Tarix: 16:43 03.05.2025
Azərbaycan və Özbəkistan arasında elm və təhsil sahəsində əməkdaşlıq genişlənməkdə davam edir. Bu istiqamətdə növbəti təşəbbüslə çıxış edən Özbəkistandakı Buxara Dövlət Tibb İnstitutu Bakı Dövlət Universiteti (BDU) ilə mümkün tərəfdaşlıq imkanlarını müzakirə edib.
Mövzu ilə bağlı Elçin Murad "İnformator.az"a açıqlamasında bildirib ki, bu əməkdaşlıq hər iki ölkənin tələbələri üçün əhəmiyyətli fürsətlər yaradacaq:
"Özbəkistandakı Buxara Dövlət Tibb İnstitutunun BDU ilə əməkdaşlığı hər iki ölkənin tələbələri üçün böyük şansdır. Onlar həm ikili diplom almaq şansı qazanırlar, həm də daha effektiv, yaxşı təhsil alacaqlar. Xüsusən də azərbaycanlı tələbələr üçün bu, həm Özbəkistana, həm də Özbəkistan vasitəsilə digər ölkələrə çıxışı təmin edəcək".
Əməkdaşlığın təkcə tibb sahəsi ilə məhdudlaşmadığını qeyd edən ekspert əlavə edib:
“Düşünürəm ki, burada təkcə tibb elmləri üzrə ixtisaslar yox, daha çox II və I qrup yönümlü ixtisaslara yönəlmiş əməkdaşlıq da önəmlidir. Çünki BDU-da tibb yönümlü ixtisasların sayı çox deyil. BDU-da olan tibb yönümlü ixtisaslar biologiya və psixologiyadır. Bu ixtisaslar üzrə ikili diplom almaq şansı ola bilər. Mühəndislik və maliyyə sahəsi üzrə fakültələrlə əməkdaşlıq gözləniləndir. Hər vəziyyətdə bu əməkdaşlıq bizim tələbələr üçün xaricə çıxış şansıdır, keyfiyyətli təhsildir və sözsüz ki, nəticələri müsbət olacaq".
Selcan Əhmədli