Qızılın qiymətində müşahidə olunan kəskin artımın səbəbləri nələrdir? -Mütəxəssis AÇIQLAYIR

Tarix: 23:03 22.04.2025
Son günlər dünya bazarlarında qızılın qiymətində müşahidə olunan kəskin artım həm iqtisadi ekspertlərin, həm də sadə vətəndaşların diqqət mərkəzinə çevrilib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamsında bildirib ki, dünya iqtisadiyyatında böhranlar yaxınlaşanda ilk olaraq sahibkarlar hiss edir:
“Onların dövriyyəyə buraxdıqları kapital gətirdiyi mənfəəti azaltmağa başlayır. Bəzi sahibkarlar gözləyib çıxış yolu axtarır, bəzi sahibkarlar isə dövriyyəni azaltmağa başlayır. Kapital pul kimi ələ keçəndə onu qızıla çevirirlər. Böhranın əlaməti olduğunu bilirlər. Bu proses bütün dünyada gedir və hamı kapitalın qoyulması üçün qızıl alır. Nəticədə qızıl alanların sayı çoxalır. Qızılın hasilatı isə həmişə sabitdir. Bu sabitlik də tələbin təklifi üstələməsinə gətirib çıxarır. Bununla da , qiymətlər qalxmağa başlayır. Dünya iqtisadiyyatı böhrana gedir. Böhrandan sonra dirçəliş dövrü başlayacaq və qızılın qiyməti düşəcək. Qızılın qiymətinin dəyişməsinin ölkə iqtisadiyyatına təsiri ondan ibarətdir ki, qızıl məmulatlarının qiyməti bahalaşan zaman toy edənlərin işi çətinləşəcək və yaxud qızıl əşya alanlar daha çox xərcə düşəcək. Bununla yanaşı, müsbət tərəfləri də var. Ölkənin qızıl ehtiyatları olduğuna görə nominal dəyər artacaq".
Ekspert qeyd edib ki, qızılın qiymətinin birbaşa bahalaşmasının Azərbaycan valyutasına o qədər ciddi təsiri yoxdur:
“Tramp qalib gələndə düşünürdü ki, dünya iqtisadiyyatının çöküşünü ləngidəcək və yaxud yenidən onu dirçəltməyə doğru yönəldəcək. Geosiyasi proseslər onun iqtisadiyyata ciddi önəm verməsinə imkan vermədi. Rüsumları artırmaqla istehsalı stimullaşdırır. Bu zaman qiymətlər bahalaşır. Qiymətlərin bahalaşmasını da Tramp enerji daşıyıcılarının ucuzlaşması ilə kompensasiya etmək istəyir. Bu isə Azərbaycanın zərərinədir. Çünki Azərbaycan enerji daşıyıcıları satan ölkədir. Bu səbəbdən dünya bazarında neftin ucuzlaşması prosesi Azərbaycana mənfi təsir göstərəcək. Çünki Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. Neftin, qazın qiymətinin ucuzlaşması gəlirləri azaldacaq. Valyuta ehtiyatlarının əriməsinə səbəb olacaq. Bu proses uzun müddət davam etsə, Azərbaycan höküməti devalvasiya məcburiyyəti qarşısında da qala bilər. Hazırda dünya iqtisadiyyatının böhrana doğru irəliləməsinin də əsas səbəbləri geosiyasi səbəblərdir”.
Əminə Əliyeva