Çin Rusiyadan neft idxalını təxminən 15 % azaldır

Tarix: 21:00 24.04.2025
Cari ilin birinci rübündə Çin Rusiyadan neft idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azaldaraq 24,315 milyon tona çatdırıb.
Mövzu ilə əlaqədar iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bu məsələ iki tərəflidir. Amerika dolayı sanksiyaları sərtləşdirib:
"Neft daşıyan tankerlərə və Rusiyadan neft alan şirkətlərə qarşı dolayı sanksiyalar qüvvəyə minib. Eyni zamanda Çin özünə məxsus müdrik davranır. Rusiyadan neft alışlarını azaldan kimi Rusiya məcbur qalır və qiymətə daha çox güzəştlər edir. Çox güman ki, Çin bunu gözləyir Rusiya bir azda güzəştlər etsin. Bu gün Rusiya neftinin qiyməti dünya bazarından fərqli olaraq, Rusiya nefti təqribən 10-15 dolar ucuzuna satılır. Dünya bazarında bu gün neftin qiyməti 65-66 dolardırsa, Rusiya isə 50-55 dolar arasında neftini sata bilir. Bu hal Çin üçün də önəmlidir, lakin Rusiya üçün daha önəmlidir, çünki Çinin alternativləri var. Başqa ölkələrdən də ala bilir, amma Rusiya nefti satmasa büdcəsi problem yaşayır, büdcəni doldura bilmir, sosial öhdəliklərini yerinə yetirə bilmir, müharibəni apara bilmir. Ona görə də bu Rusiya üçün daha önəmlidir".
Asiman Vəliyeva