Pasxa atəşkəsi gələcək sülh üçün ümid ola bilərmi?

Bölmə: Siyasət › ,
Tarix: 13:18 22.04.2025

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa atəşkəsini elan edib.

 

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri Amerikanın verdiyi son açıqlamadır:

 

“Rusiyanın Pasxa atəşkəsi, əslində, bir neçə səbəbdən irəli gəlir. Birincisi, Pasxa bayramı bütün xristian aləmində əsas dini bayramlardan biridir. Rusiya bununla xristian ictimai rəyində öz imicini qorumağa çalışır. Yəni göstərmək istəyir ki, bu dini bayrama xüsusi önəm verir. Əgər belə bir atəşkəs elan edilməsəydi, Rusiyanın dini dəyərlərə malik olmadığı haqda rəy yarana bilərdi. Bu, bir növ həmin rəyə qarşı atılmış addımdır.

Həm də Rusiya özünü pravoslav dünyasının liderlərindən biri hesab edir. Bu kontekstdə, bir növ, dini camiyəyə verilmiş bir mesajdır.

 

Amma fikrimcə, əsas səbəb Amerikanın verdiyi son açıqlama ilə bağlıdır. Amerika dövlət katibi Rubio bildirdi ki, əgər tərəflərdən biri atəşkəsə razı olmasa və proses çox uzanarsa, ABŞ bu oyundan çıxa bilər. Bu, o demək deyil ki, Amerika atəşkəs və Rusiya–Ukrayna məsələsinin həlli prosesindən tamamilə geri çəkilir. Sadəcə, Amerikanın son cəhdləri praktiki müstəvidə nəticə vermir. Razılaşmalar masada olsa da, hərbi cəbhədə bunun adekvat nəticəsini görmürük.

Bu isə Amerikanın səylərini uğursuz edir və Trump Administrasiyasının müharibəni tezliklə bitirəcəyi ilə bağlı verdiyi vədlərin doğruluğunu sual altına salır.

 

Tramp Administrasiyasının son açıqlaması – əgər tərəflər razılaşmazsa, Amerikanın prosesdən çəkiləcəyi barədə verdiyi mesaj – daha çox Rusiyaya hesablanıb. Çünki hazırda atəşkəs və sülh danışıqlarının başlanması daha çox Rusiyanın marağındadır.

Rusiya anlayır ki, situasiya dəyişməyəcəyi təqdirdə Tramp Administrasiyası ilə razılaşa bilər və Ukraynada zəbt etdiyi ərazilərin bir qismini nəzarətində saxlaya bilər. Digər tərəfdən, sanksiyaların aradan qaldırılması kimi üstünlüklər də əldə edə bilər.

 

İndiki halda atəşkəs Ukraynaya sərf etmir. Ukrayna mövcud atəşkəs şərtlərini qəbul etmir.

Amma Rusiyanın maraqlarına isə uyğundur. Görünür ki, masada razılaşma əldə olunmadığı üçün Amerika belə bir mesaj verir: əgər qısa müddətdə razılıq əldə edilməsə, ABŞ daha sərt addımlar ata bilər. Bu isə vəziyyətin yenidən kəskinləşməsinə gətirib çıxara bilər.

 

Hesab edirəm ki, məhz bu açıqlama fonunda Putinin Pasxa atəşkəsini elan etməsi, Amerikaya Rusiyanın razılaşmaya maraqlı tərəf olduğunu göstərmək məqsədi daşıyır. Rusiya bu yolla Amerikaya mesaj verir ki, razılaşmaya hazırdır, Amerika isə Ukraynanı razı salmalıdır. Məqsəd də buna hesablanıb”, – deyə politoloq əlavə edib.

 

Ukrayna tərəfinin bu atəşkəsə cavabı necə ola bilər?

 

“Ukraynanın da cavabı bəllidir. Yayılan məlumatlar göstərir ki, Ukrayna tərəfi orduya Pasxa atəşkəsinə əməl etmək əmri verib.

Dediyim kimi, bütün bunlar açıqlamalar və bəyanatlardır. Amma bunun praktiki müstəvidə adekvat nəticə verəcəyini demək çətindir. Çünki Pasxa atəşkəsi elan edilsə də, Ukrayna və Rusiya qarşılıqlı olaraq bir-birinə zərbələr endirib.

Bu isə onu göstərir ki, tərəflər arasında masa arxasında müəyyən razılıq əldə olunsa belə, bunun praktiki icrası hələ də çətin görünür. Pasxa atəşkəsinin uzadılması da real görünmür. Çünki heç bir razılaşmanın praktiki nəticəsi yoxdur.

Digər tərəfdən, rəsmi Moskva da açıqlayıb ki, Putin Pasxa atəşkəsinin uzadılmasını istəmir və uzatmayacaq.

Bu isə göstərir ki, bu atəşkəs yalnız müvəqqəti xarakter daşıyır”, – deyə politoloq vurğulayıb.

 

Səyyarə Mirzəyeva