ABŞ və Britaniya arasında ticarət sazişi

Tarix: 22:34 08.05.2025
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə ticarət sazişinin Vaşinqton və London arasında münasibətləri gücləndirəcəyini bəyan edib. "Birləşmiş Krallıqla saziş, ABŞ və Böyük Britaniya arasında münasibətləri uzun illər ərzində möhkəmləndirəcək sazişdir. Uzun tarixə malik münasibətlərimiz və bir-birimizə olan sədaqətimiz sayəsində, Birləşmiş Krallığın ilk tərəfdaşımız olması bizim üçün böyük şərəfdir", - o yazıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, ABŞ Prezidenti Tramp və İngiltərənin təşəbbüsü sayəsində ticarət tərəfdaşlığına dair razılaşmalar qəbul edilir. Böyük Britaniya və ABŞ arasında bu, böyük bir anlaşmadır. Sözsüz ki, ABŞ Prezidenti tərəfindən ölkəyə idxal olunan məhsulların rüsumlarının artırılması ölkənin özünə də zərərli ola bilərdi. Bundan narahat olanlar ABŞ-nin ticarət tərəfdaşları olublar:
"ABŞ-nin istehlak bazarları olduqca böyükdür. Bu bazarlarda böyük istehsalçılar öz mövqelərini itirmək istəmirlər. Tramp buna əsasən istehsalçıların maraqlarını qorumaq məqsədilə bir sıra addımlar atır. Bu, sadəcə iqtisadi xarakterli bir addım deyildi. Əlbəttə ki, siyasi komplimentləri də vardır.
Tramp dövləti üçün daha əlverişli şərtlər qəbul etmək istəyir. Tramp hesab edir ki, 10% rüsumun qalması ABŞ-yə 6 milyard dollar gəlir gətirəcəkdir. ABŞ digər ticarət tərəfdaşları ilə də oxşar razılaşmalar qəbul edəcəkdir. Bu razılaşmalar mahiyyət etibarilə ABŞ-nin iqtisadiyyatını, həmçinin siyasətini gücləndirir. Bu razılaşma həm də onu göstərdi ki, Böyük Britaniya ABŞ-dən daha çox asılı vəziyyətdədir".
Aygün Babayeva