Trampın husilərə qarşı əməliyyatı ABŞ-a 1 milyard dollardan baha başa gəlib

Tarix: 23:19 08.05.2025
ABŞ Prezidenti Donald Trampın husilərə qarşı apardığı mübarizə bu silahlı qruplaşmaya ciddi zərbə vura bilməsə də, mart ayından bəri ABŞ-a 1 milyard dollardan baha başa gəlib. Bu məbləğə həyata keçirilən hücumlarda istifadə olunan minlərlə bomba və raket, vurulan yeddi pilotsuz uçuş aparatı və suya düşən iki qırıcı təyyarə daxildir. Bu barədə məsrəflərlə tanış olan iki amerikalı rəsmi məlumat verib.
ABŞ-ın bir neçə həftəlik əməliyyatlarına baxmayaraq, husilər Yəməndən kənarda hücumlar təşkil etmək imkanına sahib olduqlarını göstərməyə davam ediblər. Belə ki, onlar bu həftə İsrailin əsas beynəlxalq hava limanını hədəfə alan raket zərbəsi endiriblər.
Lakin Trampın çərşənbə axşamı elan etdiyi gözlənilməz razılaşma – ABŞ-ın İrana bağlı husilərə qarşı hava zərbələrini və digər əməliyyatlarını dayandırması müqabilində, husilərin də ABŞ gəmilərinə hücumlara son qoyması – hazırkı mərhələdə missiyanın tamamlandığını bəyan etməyə əsas verə bilər.
Razılaşmanın detalları isə hələ ki, açıqlanmayıb.
Razılaşmanın necə əldə edildiyi, nə qədər davam edəcəyi və uzunmüddətli perspektivdə nə ilə nəticələnəcəyi naməlum olaraq qalır. Xatırladaq ki, bu qarşıdurma 2023-cü ilin oktyabrında HƏMAS-ın – husilər kimi İrandan dəstək alan başqa bir qruplaşmanın – İsrailə hücumundan bir neçə həftə sonra başlamışdı.
Məlum olan budur ki, ABŞ rəsmilərinin bildirdiyinə görə, Oman hökumətinin vasitəçiliyi ilə əldə edilən bu razılaşma yalnız ABŞ-ın gəmilərinə şamil olunur. Husilərin İsrailə və digər ölkələrin gəmilərinə hücumlarını davam etdirəcəkləri gözlənilir.
“Hökumət bu kampaniyada husilərə qarşı bir çıxış yolu axtarırdı,” – deyə ABŞ-ın hərbi əməliyyatları ilə tanış olan bir rəsmi bildirib.
Mənbə: NBC News
Tərcümə etdi: Türkan Kərimli