Neft bahalaşması: Səbəblər və Azərbaycanın təsiri

Tarix: 18:09 28.04.2025
Dünya bazarlarında neft bahalaşıb.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, neft bazarına təsir edən əsas məqamlardan biri də ABŞ-Çin gərginliyidir:
" Bu birjadır da hər gün dəyişə bilər. Bir az artır, bir az azalır. Amma ümumilikdə neft qiymətləri artmır. Keçən həftə 1% azalıb. Amma birjada saatlıq, saniyəlik qiymətlər dəyişir. Bu gün birja 0,6% artıb. Amma siz məqaləni təqdim edəndə ola bilsin başqa rəqəm olsun. Aşağı düşə və ya artım daha çox ola bilər. Hazırda neft bazarı ilə bağlı xüsusi bir xəbər yoxdur. May ayının əvvəli OPEC-in iclası olacaq. Gözlənilir ki, orada neft hasilatının artırılması ilə bağlı qərar verilsin. Əsas neft bazarına təsir edən məqam ABŞ-Çin gərginliyi, ümumiyyətlə, Amerikanın dünya bazarına ticari tarifləri tətbiq etməsi durur. Yəni neft qiymətləri üçün önəmli olan məqam hazırda budur- OPEC-in iclası, Amerikanın tarif siyasəti, ABŞ-Çin gərginliyi və ABŞ-İran nüvə danışıqları. Bunların heç birinin içərisində də hələlik heç bir xəbər yoxdur",- deyə iqtisadçı ekspert vurğulayıb.
Qiymət artımı Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?
"Neftin qiymətlərinin artması, Azərbaycanın neft ixracından əldə etdiyi gəlirləri artırır. Neftin qiymətlərinin azalması, Azərbaycanın neft ixracından əldə etdiyi gəlirləri azaldır. Amma bu gündəlik qiymət dəyişikliyi yox.
Maliyyə Nazirliyi hesablayıb ki, 10 dollar neft qiymətinin yüksək olması il ərzində orta illik qiymətinin yüksək olması, Azərbaycana 2,1 milyard manat çox, 10 dollar orta statistik qiymətinin il ərzində aşağı olması isə Azərbaycana 2,1 milyard manat ziyan vurur",- deyə iqtisadçı ekspert əlavə edib.
Səyyarə Mirzəyeva