Sosial fobiya-Səbəbləri və nəticələri

Bölmə: Sosial › ,
Tarix: 18:24 30.04.2025

Sosial fobiya, insanların başqalarının diqqəti qarşısında özlərini narahat, qorxmuş və tənqid olunmaqdan hədsiz dərəcədə ehtiyat edən bir psixoloji pozuntudur. Bu vəziyyət gündəlik həyatda sosial qarşılıqlı əlaqələrdən çəkinməyə və funksional problemlərə səbəb ola bilər.

 

Mövzu ilə bağlı klinik-psixoloq Gülşən Rüstəmova "İnformator.az"a açıqlamasında bildirib ki, biz ictimai mühitdə yaşadığımıza görə təbii ki, həyatımızda sosiallaşmanın böyük əhəmiyyəti var:

 

"Tək, fərd halında yaşamırıq, şəxsiyyət olsaq belə, cəmiyyətin bir üzvüyük. Böyük bir kütlənin içərisində yaşayırıq, ətrafımızda ailə üzvlərimiz, yaxınlarımız və ya tanış olmadığımız insanlar mövcuddur. Ona görə də sosiallaşmaq bizim üçün çox vacib məqamlardan biridir. Sosial fobiyanın olması insanın cəmiyyətdə büdrəməsinə səbəb olur. Bəzi insanlar düşünür ki, sosiallaşma sosial şəbəkələrdən istifadə etməkdir, amma bu belə deyil. Sosiallaşmaq ünsiyyət bacarıqlarıdır, vərdişlərdir, adətlərdir, uyğunlaşmadır, mübadilədir, əməkdaşlıqdır, eyni zamanda özünüifadədir. Sosial fobiyanın yaranmasının mühim hissəsi uşaqlıq dövrlərimizə gedib çıxır. Çünki bir çox məqamlar vardır ki, bir valideyn olaraq, biz bunu o qədər də vacib bilmirik, əhəmiyyətli hesab etmirik. Övladlarının geyimi, qidası, sağlamlığı, təhsili bizim ölkədəki valideynləri daha çox maraqlandırır. Sosiallaşmaq üçün mütləq sosial valideynlər olmalıdır. Əgər valideynlər özlərinə qapalıdırlarsa, onlarda sosial fobiyanın əlamətləri varsa və onların ünsiyyət problemləri varsa, mütləq bu uşağa da sirayət edəcək. Sosial fobiyanı aşmaq üçün ilk növbədə insan özünü tapmalıdır, özünün fərqində olmalıdır, özünün şəxsiyyət olduğunun fərqində olmalıdır. Biz bunu uşağa öz nümunələrimizlə öyrədə bilərik. Ünsiyyət bacarığımızla, davranış tərzimizlə övladımıza örnək olmaq çox vacib bir mərhələdir. Əgər yetişkin bir insanda sosial fobiya varsa, bunu yenmək üçün, insan fərd olaraq öz temperamentini bilməlidir. Onu ruhlandıran və məyus edən səbəbləri öyrənməlidir. Bütün bunlardan sonra insan sosial fobiyasını aşa bilər. Bu mövzuda mütəxəssisə müraciət etmək də tövsiyə olunur".


Billurə Quliyeva