Naxçıvanda səhiyyə idarəçiliyində yeni mərhələ

Bölmə: Sosial › ,
Tarix: 22:00 02.05.2025

2025-ci il mayın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində olan səhiyyə müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyinə verilib.


Mövzu ilə bağlı Elnurə Nəcəfova "İnformator.az"a açıqlamasında bildirib ki, bu islahat səhiyyə müəssisələrinin daha məqsədyönlü və sistemli fəaliyyətini təmin edəcək:

 

“Bu qərar səhiyyə sistemində idarəetmənin mərkəzləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və idarəetmədə şəffaflığın təmin olunması baxımından mühüm addımdır. Yeni struktur səhiyyə müəssisələrinin daha çevik və məqsədyönlü idarə olunmasına şərait yaradacaq. Əvvəlki idarəetmə modelində koordinasiya çətinlikləri, qərarların qəbulunda operativliyin olmaması və resursların səmərəli bölgüsündə problemlər müşahidə olunurdu. Həmçinin, xidmət keyfiyyətində bölgələrarası fərqlər və nəzarət mexanizmlərinin parçalanması ümumi effektivliyə mənfi təsir göstərirdi. Yeni model bu çatışmazlıqları aradan qaldırmaqla yanaşı, tibbi xidmətlərin vahid standartlar üzrə göstərilməsini təmin edəcək. Resurslar daha balanslı bölünəcək, qərarlar operativ qəbul olunacaq. İslahat çərçivəsində tibb işçilərinin ixtisaslarının artırılması, maddi-texniki bazanın gücləndirilməsi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi də nəzərdə tutulur. Bu dəyişikliklər əhalinin tibbi xidmətlərə çıxış imkanlarını daha da yaxşılaşdıracaq və səhiyyə sahəsində inamı artıracaq".


Selcan Əhmədli