Almaniyanın daxili kəşfiyyat xidməti AfD-ni “radikal sağçı” təşkilat kimi tanıyıb

Bölmə: Dünya › ,
Tarix: 22:39 02.05.2025

Almaniyanın daxili kəşfiyyat xidməti - Konstitusiyanı Mühafizə İdarəsinin (BfV) ölkənin əsas müxalifət partiyalarından olan Almaniya üçün Alternativ (AfD) partiyasını rəsmən “radikal sağçı” təşkilat kimi tanıması ölkənin siyasi gündəmində böyük rezonans doğurub.

 

"İnformator.az" AZƏRTAC-a istinadən xəbər verir ki, BfV-nin 1100 səhifəlik məruzəsində partiyanın azlıqlara, xüsusilə müsəlmanlara və miqrantlara qarşı istifadə etdiyi təhqiramiz, ayrı-seçkilik xarakterli ifadələr hüquqi dövlətin və demokratik prinsiplərin pozulması kimi qiymətləndirilib, AfD-nin miqrantlara qarşı sistemli şəkildə nifrət ritorikasından istifadə etdiyi vurğulanıb.

 

BfV-nin açıqlamasında bildirilir ki, bu qərar AfD-nin insan ləyaqətini tanımayan və Almaniya Konstitusiyası ilə uyğun gəlməyən siyasi mövqeyinə əsaslanır. Qurumun hesabatında partiyanın ümumi siyasi kursu, partiya nümayəndələrinin açıqlamaları və ifrat sağçı qruplarla əlaqələri təhlil olunub. AfD-nin sistemli şəkildə ayrı-seçkiliyi təşviq etdiyi və konstitusiya quruluşuna qarşı fəaliyyət göstərdiyi qənaətinə gəlinib. BfV partiyanın əsas ideoloji xəttində “etnik mənşəyə əsaslanan xalq anlayışı”nın olduğunu və bunun konstitusiya ilə ziddiyyət təşkil etdiyini bildirib. AfD-nin xüsusilə müsəlman mənşəli almanları “əsl alman xalqı” anlayışına daxil etməməsi, bərabər vətəndaşlıq prinsipini rədd edən ideologiya ortaya qoyduğu müəyyən edilib.

Bu qərar AfD-nin qadağan edilməsi üçün hüquqi əsas yaratsa da, partiyanın avtomatik olaraq ləğvi nəzərdə tutulmur. Belə bir addım üçün Almaniya federal hökuməti və ya parlamentin müvafiq orqanları Konstitusiya Məhkəməsinə müraciət etməlidirlər.

AfD-nin rəhbərliyi qərarı “demokratiyaya qarşı hücum” adlandıraraq hüquqi mübarizəyə davam edəcəklərini açıqlayıblar.

 

Qeyd edək ki, AfD uzun müddətdir BfV-nin müşahidəsi altındadır. 2022-ci ildə Köln İnzibati Məhkəməsi, 2024-cü ildə isə Şimali Reyn-Vestfaliya əyalətinin Yüksək İnzibati Məhkəməsi partiyanın “şübhəli hal” kimi izlənilməsini hüquqi cəhətdən təsdiqləmişdi. BfV 2024-cü ildən sonra aparılan təhlillərlə birlikdə AfD-ni artıq “dəqiq şəkildə sağ radikal qurum” kimi tanımaq üçün hüquqi əsasların formalaşdığını bildirib.