Son zəng tədbirləri planlı və nəzarətli olmalıdır-Təhsil eksperti

Bölmə: Sosial › ,
Tarix: 13:55 03.05.2025

Son illərdə “Son zəng” tədbirlərində səsləndirilən meyxana tipli musiqilər cəmiyyətin diqqət mərkəzindədir. Sosial şəbəkələrdə geniş müzakirələr doğuran bu tendensiya bir çoxlarını düşündürür.

 

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, meyxana, xüsusilə gənclər arasında sosial şəbəkələr vasitəsilə geniş yayılıb:

 

“Onlar bu janrı əyləncəli, sərbəst və özlərini ifadə etməyə imkan verən bir forma kimi görürlər. Bəzən sosial sferada viral olmaq, diqqət çəkmək üçün şagirdlər bu addımı atırlar. Mən meyxananın əleyhinə deyiləm, lakin təhsil müəssisələri bu tendensiyadan uzaqlaşsalar yaxşıdır”.

 

Təhsil eksperti qeyd edib ki, bəzi məktəblərdə “Son zəng” tədbirləri kifayət qədər nəzarət və ciddi proqram olmadan təşkil olunur:

 

“Bu da şagirdlərə qeyri-ənənəvi çıxışlar etmək üçün boşluq yaradır. “Son zəng” mərasimləri planlı, maraqlı və şagirdlərin diqqətini çəkəcək şəkildə keçirilməlidir. Buraya musiqili çıxışlar, video xatirələr, müəllim və şagird çıxışları daxil ola bilər. 

 

 

Tələbələrin çıxışları, ifa ediləcək musiqi nömrələri  əvvəlcədən məktəb rəhbərliyi tərəfindən nəzərdən keçirilməli, etik və pedaqoji çərçivələrə uyğunluğu yoxlanmalıdır. Şagirdlərə özlərini ifadə edə biləcəkləri, amma daha müvafiq və estetik formalarda çıxış etmə imkanları verilməlidir. Məsələn, teatr səhnəcikləri, musiqi ifaları, poeziya və bu kimi janrlara üstünlük verilə bilər”.

 

 


Türkanə Meşədiyeva