“Biz özümüz də - vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olanlar...”

Bölmə: Siyasət › ,
Tarix: 12:14 08.05.2025

 

“Azərbaycanda yeniləşən insanlar tariximizdə elə də çox deyil. Hər dəfə cəmiyyətimizdə hansısa yeniçilik amilləri görəndə dönüb yenidən Mirzə Fətəli Axundovu xatırlayırıq. Yeniləşən insanların içində müstəsna yeri olan tarixi şəxsiyyət Heydər Əliyevdir”. 


"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasında bildirib.

 

 

“Biz bu gün 44 günlük savaşdan geri dönəndə bu proseslərin hamısının mənbəyində Heydər Əliyevin hansısa atdığı təməli görə bilirik. Bizim özümüz də - vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər. Səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən onun gördüyü müstəsna işləri dərk etmiş olduq”, - deyə deputat qeyd edib.


Onun sözlərinə görə, 1994-cü ildə neft siyasəti ilə Azərbaycan cəmiyyətinin, dövlətinin qorunması məsələsi həll edildi:

 

 “30 il sonra Zelenski gecikmiş şəkildə ölkənin mümkün sərvətləri ilə müstəqilliyi və təhlükəsizliyi qorumağın yollarını axtarır. Tarixi müqayisə onu göstərir ki, haradasa 30 il gecikmə hansısa dövlətin müstəqilliyini itirməyə qədər gətirib çıxara biləcək prosesləri körükləyir”.