"ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir"

Tarix: 20:51 12.05.2025
ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həllində prioriteti dərhal atəşkəs və hərbi əməliyyatların dayandırılmasıdır.
“Dövlət katibi ABŞ-nin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqeyini bir daha təkrarlayıb: Bizim əsas prioritetimiz hərbi əməliyyatlara son qoymaq və dərhal atəşkəs əldə etməkdir”, - Dövlət Departamentinin bəyanatında deyilir.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasında atəşkəsin təşkil olunması üçün hər dövlətin başçısı razılığa gəlib, Türkiyədə sonuncunun vasitəçiliyi ilə bu danışıqlar baş tutmalıdır:
“ABŞ-nin də atəşkəsdə maraqlı olduğu görünür. Bu atəşkəsin baş tutması ehtimalı daha yüksəkdir. Artıq Ukrayna da müharibənin davam etməsində maraqlı deyil və Rusiya prezidentlinin son açıqlamaları, Türkiyə prezidentinə müraciəti onu göstərir ki, Rusiya da artıq dayanmağın vacibliyini anlayır. Təbii ki, danışıqlar baş tutduğu halda atəşkəsdən sonrakı mərhələdə proseslər müzakirə olunacaq və Rusiyanın hansı ərazilərdən çəkilməsi və digər məsələlər masaya gətiriləcək. Müharibənin taleyini atəşkəs deyil, məhz həmin müzakirə həll edəcək. O da təbii ki, atəşkəsdən sonra mümkündür”.
Ekspertin sözlərinə görə, ABŞ-nin Rusiya-Ukrayna müharibəsində atəşkəsin prioritet təşkil etməsini deməsi təbii ki, Avropa İttifaqının Ukraynaya hərbi yardımının çatdırılmasına təsir göstərəcək:
“Hərbi yardımın davam etməsi savaşın qızışdırılması kimi qiymətləndirilə bilər. Eyni zamanda ABŞ ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
Əgər Avropa İttifaqı da atəşkəsdən sonra hər iki dövlət arasında müvafiq anlaşmanın şərtləri ilə qane olarsa şübhəsiz ki, hərbi dəstəyi dayandıra bilər. Lakin burada əsas olan Ukraynanın maraqları deyil, ona hərbi dəstək verən, müharibənin davam etməsində maraqlı olan bəzi Avropa ölkələridir. Çünki onlar Ukraynanı nə qədər borclandırsalar gələcəkdə bir o qədər özlərinə bağlı və asılı vəziyyətə alacaqlarını düşünürlər. Əsas olan müharibə də deyil, müharibədən sonra Ukraynanın hansı durumda olmasıdır. ABŞ-nin də təbii ki, öz maraqları var. Özünü neytral göstərməklə hər iki ölkə arasında sülhə çağıran obraza girməkdə gələcək olanda Rusiya ilə yaxınlaşıb, Çini ondan uzaqlaşdırmaqdır. Hazırda ABŞ rəhbərliyi üçün hədəf Çindir.
Böyük ehmalla Türkiyə vasitəsilə Ukrayna və Rusiya arasında atəşkəsə nail olunacaq və bu da ümumiyyətlə müharibənin birdəfəlik durması üçün uğurlu vasitə olacaq. Ona görə ki, Türkiyə də bunda maraqlıdır”.
Asiman Vəliyeva