Rusiya və Ukrayna yaxın günlərdə kompromisə gələ bilər

Bölmə: Siyasət › ,
Tarix: 23:31 12.05.2025

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı təmaslara başlamaq üçün yaxın günlərdə müəyyən kompromisə gələ bilərlər.

“Düşünürəm ki, yaxın günlərdə tərəflər kompromis əldə edib bir araya gələcəklər. Hazırda həll olunmalı bir problem var: ukraynalılar əvvəl atəşkəsin, sonra danışıqların başlanmasını tələb edirlər. Ruslar isə əksinə, əvvəl danışıqların, sonra atəşkəsin olmasını istəyirlər. Vəziyyət hazırda çıxılmaz vəziyyətdədir. Hər iki tərəf Amerikanın dəstəyini almağa çalışır və bu, normal bir haldır”, – deyə o bildirib.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, kompromislərin müharibədə rolu böyükdür:

 

“Kompromislər olmadan heç bir müharibə sona çatmır. Münaqişədə iştirak edən tərəflər sonda kompromislərə getməyə məcbur qalırlar. İlk baxışdan əlverişsiz görünən şərtləri belə qəbul etmək lazım gəlir. 2022-ci ilin fevralında başlayan müharibə hələ də bitməyib. Dəfələrlə imkanlar oldu ki, Kiyev razılaşsın, ancaq o, razılaşmadı. Çünki Kiyevə xarici qüvvələr qələbə vəd etmiş və onu dəstəkləmişdilər. Lakin bu, inandırıcı görünməyən bir məsələ idi. Məsələn, bir dəfə Türkiyədə çox əlverişli bir imkan əldən verildi. Halbuki həmin vaxt Ukrayna və Rusiya konsensusa gələ bilərdilər. İndi isə Ukrayna daha çox ərazi itirib və bu ərazilərin geri qaytarılması ilə bağlı Kiyev üçün nikbinlik yaradan heç bir göstərici yoxdur”.

 

Politoloq Ukrayna və Rusiyanın atəşkəs və danışıqlara münasibətinin fərqli olmasının səbəbini də izah edib:

 

“Ukrayna əvvəl atəşkəsin, sonra danışıqların olmasını istəyir. Rusiya isə əvvəl danışıqların, sonra atəşkəsin baş tutmasını tələb edir. Təşəbbüs Rusiyanın tərəfindədir. Artıq Kiyev çətinliklə nəfəs alır. Həm resursları tükənir, həm də müharibədəki bacarığı indiki şəraitə uyğun deyil. Ona görə də Ukrayna əvvəlcə atəşkəs istəyir ki, danışıqlara əminliklə başlaya bilsin. Rusiya isə əksinə, təşəbbüsü ələ alıb və qarşı tərəfi sıxışdırır. Ukraynanın ərazilərinin tutulması ilə bağlı Rusiyanın planları daha da genişlənib. Ona görə də Rusiya əvvəlcə danışıqlar aparmağı, sonra isə münaqişənin həllinə nail olmağı təklif edir. Burada hər iki tərəfin öz məntiqi var. Lakin əsas qənaət ondan ibarətdir ki, Qərb Ukraynaya dəstək göstərməkdə artıq parçalanıb. ABŞ fərqli yanaşma sərgiləyir və bildirir ki, mütləq sülh olmalıdır. Avropa isə çalışır ki, bu, baş verməsin. Məhz bu səbəbdən Starmer, Makron və Merz Kiyevə gəldilər. Düşünürəm ki, Avropa artıq başa düşür: Ukraynaya 'xilas kəməri' atmaq mümkün deyil. Yəni, Ukrayna indiki vəziyyətdə danışıqlara getməlidir. Çünki Rusiya bundan başqa heç bir alternativə razı olmayacaq. Rusiya artıq anlayır ki, üstünlük onun tərəfindədir”.

 

Politoloq həmçinin bildirib ki, ABŞ-nin bu proseslərə birbaşa təsiri var:

 

“Söhbət Donald Trampın mövqeyindən gedir. Onun mövqeyi kifayət qədər qətiyyətlidir. Hakimiyyətə gəlmədən əvvəl və sonra da o, qətiyyətlə bildirirdi ki, müharibəni dayandıracaq. Şəxsən mənə bu, inandırıcı görünmür. Çünki Moskva heç vaxt kənar qüvvənin diktəsi ilə hərəkət etməz. Bu, Moskvanın mövqeyinə və daxili siyasətinə uyğun deyil. Moskva yalnız maraqlarına uyğun olan təklifləri qəbul edəcək. Hər halda, Donald Trampın yenidən səhnəyə qayıdışı və Avropa ilə çəkişməsi Rusiyanın xeyrinədir. Tramp bu prosesin formalaşmasında yaxından iştirak edir. Sülh çağırışlarını diqqətdə saxlayır və ehtimal olunan danışıqları müsbət qarşılayır. Əgər bu danışıqlar Türkiyədə baş tutarsa və Türkiyə vasitəçi kimi imkanlar yarada bilsə, bu, Trampın ürəyindən olacaq və o bunu gizlətmir də.

Əgər atəşkəs əldə olunsa, Şərqi Avropada vəziyyət xeyli sabitləşəcək. Digər tərəfdən, bunun postsovet məkanına da böyük təsiri olacaq. Nəhayət, digər münaqişəli vəziyyətlərin də taleyi ilə bağlı aydınlıq yaranacaq”.

 

Lalə Qurbanlı