Aİ və Böyük Britaniya ortaq müdafiə və təhlükəsizlik paktı təqdim edəcək

Tarix: 21:37 12.05.2025
Avropa İttifaqı və Böyük Britaniya gələn həftə ortaq müdafiə və təhlükəsizlik paktını təqdim edəcək.Bu barədə "The Times" nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu razılaşma Böyük Britaniyanın "brexit"dən sonra Aİ ilə ən sıx yaxınlaşmasına səbəb olacaq. Sənədə əsasən, ABŞ NATO çərçivəsində müəyyən əməliyyatlara icazə verməkdən imtina edərsə, Aİ və Böyük Britaniya birgə fəaliyyət göstərə biləcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Böyük Britaniyanın "Brexit"dən sonra Aİ ilə bu qədər yaxınlaşması həm geosiyasi, həm də simvolik baxımdan əlamətdardır.
"Avropa İttifaqı və Böyük Britaniya arasında təqdim olunacaq yeni təhlükəsizlik və müdafiə paktı Avropada post-NATO mərhələsinin siqnalı kimi qiymətləndirilə bilər. Bu, Avropanın ABŞ-nin hərbi çətiri altından tədricən çıxmağa çalışdığını göstərən mühüm addımdır. Böyük Britaniyanın "Brexit"dən sonra Aİ ilə bu qədər yaxınlaşması həm geosiyasi, həm də simvolik baxımdan əlamətdardır. Razılaşma Avropanın öz təhlükəsizliyini daha müstəqil şəkildə təmin etmək istəyinin nəticəsidir.
ABŞ-nin NATO çərçivəsində bəzi əməliyyatlara qarşı çıxması fonunda Avropa alternativ plan hazırlamaq məcburiyyətindədir. Bu pakt Aİ-nin strateji muxtariyyət konsepsiyasına praktik məzmun qazandırır. Böyük Britaniya üçün isə bu həm öz hərbi təsirini qorumaq, həm də Avropa sistemində mövqeyini yenidən bərpa etmək cəhdidir. Geosiyasi baxımdan bu yaxınlaşma Rusiya və Çin kimi oyunçuların diqqətindən yayınmayacaq. Əgər ABŞ qlobal diqqətini Asiya-Sakit okean regionuna yönəltməyə davam edərsə, Avropada yaranan boşluğu bu pakt doldura bilər. Böyük Britaniya bu paktla həm Aİ-də, həm də transatlantik münasibətlərdə “könüllü polis” rolunu oynamaq istəyir. Aİ isə Böyük Britaniyanı bu mexanizmə daxil etməklə öz müdafiə qabiliyyətini real güclə tamamlayır. Pakt Avropada “strateji tənha qalma” qorxusunu azalda bilər. Bu həm də Ukrayna müharibəsi fonunda Avropanın “ayılmasına” cavab kimi görünür. Hərbi sahədə resurs paylaşımı və informasiya mübadiləsi daha sistemli hala gələcək. Fransa bu prosesdə əsas oyunçu olmaq istəsə də, Britaniyanın texnoloji və hərbi üstünlükləri balansı qoruyacaq. Almaniya isə bu pakt vasitəsilə təhlükəsizlik yükünü paylaşmaq niyyətindədir. NATO-nun zəifləməsi ehtimalı Avropa daxilində yeni ittifaqlara ehtiyac yaradır. Bu pakt yalnız Rusiya yox, ABŞ-nin də qeyri-müəyyən siyasətinə cavab olaraq formalaşır. Eyni zamanda bu addım, Avropanın yeni “strateji ayıqlıq dövrünə” keçdiyini göstərir. Son olaraq, bu razılaşma Avropa təhlükəsizlik arxitekturasını kökündən dəyişə və gələcəkdə daha dərin siyasi ittifaqların başlanğıcı ola bilər".
Səmayə Səftərova