ABŞ və Çin razılaşdı-Ticarət gərginliyinə son

Bölmə: Siyasət › ,
Tarix: 21:22 12.05.2025

ABŞ və Çin nümayəndələri Cenevrədə iki gün davam edən danışıqların nəticəsində ticarət defisitinin azaldılması ilə bağlı razılığa gəldiklərini bildiriblər. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, hazırda ABŞ-nin Çinlə ticarətdəki defisiti 1,2 trilyon dollardır.

 

Mövzu ilə bağlı Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "İnformator.az"a açıqlamasında bildirib ki, ticarət defisiti idxalın ixracdan çox olması halında yaranır:

 

"ABŞ-nin hazırkı prezidenti Donald Tramp dəfələrlə vurğulayıb ki, mövcud tariflər ABŞ iqtisadiyyatına mənfi təsir göstərir. Bu səbəbdən o, Çin məhsullarına qarşı tarifləri artırmaq qərarına gəlib.

 

Tariflərin artırılması Çin ciddi narahatlıqla qarşılayıb və nəticədə ABŞ–Çin münasibətləri ticarət müharibəsi səviyyəsinə qədər yüksəlib. Tramp administrasiyası əvvəlcə sərt iqtisadi tədbirlər görüb, daha sonra isə tariflərin qismən azaldılması fonunda Çinlə danışıqlara başlamağa çalışıb. Hər iki ölkə – həm Çin, həm də ABŞ – dünya bazarlarında böyük paya malik istehsalçılardır və qlobal ticarətin əhəmiyyətli bir hissəsinə nəzarət edirlər. Çin iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. ABŞ isə bu prosesə öz gücünü – istər dolların təsiri, istərsə də iqtisadi potensialı vasitəsilə – nümayiş etdirməklə cavab verir.

 

ABŞ və Çin arasındakı ticarət gərginliyi təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmayıb, eyni zamanda qlobal maliyyə bazarlarına da təsir göstərib. Rəqabət fonunda ABŞ prezidenti Donald Tramp Çin mallarına 145 faizə qədər rüsum tətbiq edib. Pekin isə cavab olaraq ABŞ məhsullarına 125 faizlik tariflər müəyyən etdi. Bu qarşılıqlı iqtisadi təzyiqlər bazarlarda qeyri-sabitliyə səbəb olub və bir çox beynəlxalq ekspertlər potensial qlobal iqtisadi tənəzzüllə bağlı narahatlıqlarını ifadə ediblər. Lakin son dövrlərdə tərəflər arasında dialoqun intensivləşməsi vəziyyətin yumşalmasına ümid yaradıb".

 

Siyasi şərhçi əlavə edib ki, İsveçrədə keçirilən son danışıqlarda ABŞ və Çin nümayəndə heyətləri ilk dəfə olaraq ciddi və konstruktiv dialoq aparıblar:

 

"ABŞ-nin maliyyə naziri Skott Bessent bu görüşləri “məhsuldar və konstruktiv” kimi qiymətləndirib. Nəticə olaraq, Vaşinqton və Pekin bir-birinə qarşı tətbiq etdikləri tariflərin müvəqqəti olaraq azaldılmasına dair razılıq əldə ediblər.

 

Yeni razılaşmaya əsasən, ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri 30 faizədək azaldacaq, Çin isə ABŞ məhsullarına olan rüsumları 10 faizə endirəcək. Bu güzəştlər 90 gün ərzində qüvvədə olacaq və tərəflərin ticarət münaqişəsinin tam həlli üçün daha geniş danışıqlara şərait yaradacaq. Mövcud danışıqlar əsasən ticarət münaqişəsinin yumşaldılmasına və iqtisadi münasibətlərin normallaşmasına xidmət edir. ABŞ bu rəqabətdə təşəbbüsü ələ almağa çalışır və prosesi strateji şəkildə idarə edir. Gözləntilərə əsasən, tərəflər arasındakı ziddiyyətlər kəskin qarşıdurmaya çevrilməyəcək və diplomatik yollarla tənzimlənəcək".

 

Aytən Ağazadə