ABŞ prezidenti Yaxın Şərq turuna çıxır

Bölmə: Siyasət › ,
Tarix: 22:16 12.05.2025

ABŞ prezidenti Donald Tramp mayın 13-dən 16-na kimi baş tutacaq Yaxın Şərq turuna başlayacaq. O, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

 

Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, düşünürəm ki, Donald Tramın Yaxın Şərq səfəri əslində, bu regionun ABŞ-nin xarici siyasət konsepsiyasında nə qədər önəmli yerə sahib olduğunu bir daha göstərir:

 

"Çünki ümumillikdə ABŞ-nin xarici siaysətindəki proitetlərə nəzər yetirdikdə ilk beşlikdə Orta Şərq regionu kifayət qədər önəmli yerə sahibdir. Bu regionla bağlı ABŞ-nin maraqları fərqli-fərqli istiqamətlərdə qlobal sistemdəki ən əsas rəqibləri olan Rusiya və Çinlə bir çox məqamlarda toqquşur. Ona görə də bu səfər çərçivəsində olacaq müzakirələr və keçiriləcək görüşlər ABŞ-nin Orta Şərq siyasətinin gələcəyi ilə bağlı kifayət qədər önəmli məqamları da özündə ehtiva edir. Biz müəyyən dəyişiklikləri də müşahidə edə bilərik. İlkin olaraq, onu qeyd etmək lazımdır ki, Donald Trampın birinci prezidentliyi dövründə təşəbbüskarlıq irəli sürərək "İbrahim sazişləri" kimi tarixə düşmüş yanaşması və təklifi əslində ərəb dövlətləri ilə İsrail arasında normalşama prosesini özün birləşdirir. Bu ABŞ-nin Yaxın Şərq siyasətində önəmli istiqamətdir. Daha əvvəldə də Tramp verdiyi bəyanatlarda bununla bağlı yanaşmalarda qətiyyətli mövqeyə sahib olduğunu və "İbrahim sazişləri"nin davam etdirmək niyyətində olduğunu bir daha təspit edib. Səfər çərçivəsində hər hansısa görüşlərin keçirilməsi, ya da bu istiqamətdə təşəbbüslərin irəli sürülməsi gözləniləndir. Digər istiqamətdə biz bilirik ki, Orta Şərqdə yeni təhlükəsizlik arxitekturası formalaşdırılır. Bu sahədə atılan addımlarda ABŞ birmənalı şəkildə iştirak etmək və öz maraqlarını təmin etmək istəyir. İstər Suriya məsələsində, istər Fələstin-İsrail qarşıdurmasında, Qəzza məsələsində və bir çox istiqamətdə atılan addımlarda ABŞ-nin maraqlarının təmin olunması ilə bağlı yanaşmaların ortaya qoyulması onun üçün önəmli xarakter daşıyır. Biz bilirik ki, eyni zamanda Orta Şərq ABŞ-nin enerji təhlükəsizliyi ilə bağlı yanaşmalarında xüsusi önəm kəsb edən regiondur. Region dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi, ərəb dövlətləri ilə strateji tərəfdaşlıq istiqamətində imkanların dəyərləndirilməsi Donald Tramp dövründə də ABŞ-nin xarici siyasətində önəmli yerə malikdir".

 

Billurə Quliyeva