"Qidalarda geniş istifadə olunan boya şəkərli diabetə səbəb olur"

Tarix: 21:29 13.06.2025
“E171”in məşhur qida məhsullarında – konfet və peçenyelərdən tutmuş saqqızlara qədər – istifadə olunması xüsusi narahatlıq doğurur. Araşdırmanın müəllifləri bildiriblər ki, titan dioksid nanohissəcikləri 2-ci tip diabet, piylənmə və insulin müqavimətinin inkişafına kömək edə bilər.
Testlər E171 ilə qidalanan siçanların qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını və vacib həzm hormonlarının istehsalını pozduğunu müəyyən edib. Mütəxəssislər istehlakçılara məhsulların tərkibini diqqətlə oxumağı və titan dioksidi (TiO₂ və ya E171) siyahısında olanlardan, xüsusən də uşaq qidalarında və tez-tez istehlak edilən məhsullarda bu maddə varsa, onlardan çəkinməyi tövsiyə ediblər.
Bu məsələ ilə bağlı dietoloq Məhəmməd Abdullayev "İnformator.az"a açıqlamasında bildirib ki, sintetik mənşəli hər bir qatqı maddəsi, xüsusilə qoruyucu funksiyaya malik olanlar müəyyən dərəcədə toksik təsirə malikdir və bədənə sorularaq orqanizmdə yüklənməyə səbəb ola bilər:
"Qida qatqı maddələri, adətən, məhsulların uzun müddət saxlanmasını təmin etmək məqsədilə istifadə olunur. Böyük qida şirkətləri bu maddələri tədqiq edərkən onların dozalarını nəzərə alır və E171 kimi kodlaşdırılmış əlavələrin tərkibində dad stabilləşdiriciləri, rəng qoruyucular, homogenləşdiricilər və digər funksional komponentlər yer alır. Lakin unutmaq olmaz ki, sintetik mənşəli hər bir qatqı maddəsi, xüsusilə qoruyucu funksiyaya malik olanlar, müəyyən dərəcədə toksik təsirə malikdir və bədənə sorularaq orqanizmdə yüklənməyə səbəb ola bilər.
Sağlam və güclü immun sisteminə malik insanlar bu cür maddələrə qarşı müəyyən müqavimət göstərsələr də, zəif immun sisteminə sahib fərdlər bu maddələrin təsirinə daha həssas olurlar. Bu isə allergik reaksiyalar və müxtəlif xəstəliklərə meyilliliyi artırır.
Xüsusilə autizm spektr pozuntusu olan, əqli inkişaf geriliyi olan və ya nevroloji problemlərə meyilli uşaqlarda bu maddələr neyrotoksik təsir göstərə bilər. Belə hallarda toksinlər beyində toplanaraq uzun müddət orada qala bilər ki, bu da sonradan orqanizmdən təmizlənməsini çətinləşdirir.
Bu səbəbdən hazır məhsullardan mümkün qədər uzaq durmaq, orqanik və təbii məhsullara üstünlük vermək daha sağlam seçimdir".
Xədicə Məhərrəmli