İranın iki nüvə obyektində partlayışlar olub

Bölmə: Siyasət › ,
Tarix: 21:55 13.06.2025

 

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.

 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin hücumundan sonra İranın paytaxtı Tehran şəhərinin qərbində və şimal-şərqində partlayış səsləri eşidilir.

 

Eyni zamanda Tehranın imam Xomeyni adına hava limanı fəaliyyətini dayandırıb. İranın iki nüvə obyektində - Natanz və Fordoda partlayışlar baş verib.

İsrail ordusu qeyd edib ki, hədəf İranın müxtəlif bölgələrindəki nüvə obyektləridir.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında qeyd edib ki, İsrailin hücumu çox təhlükəli addımdır:

 

“İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi olduqca təhlükəli bir addımdır. Çünki belə bir hərbi qərar qarşı tərəfin, yəni İranın da sərt reaksiyasına səbəb ola bilər və bu, geniş miqyaslı bir savaşın əsasını qoya bilər. Çünki İran da kifayət qədər ciddi hərbi potensiala malik olan dövlətdir. Eyni zamanda İranı da dəstəkləyəcək dövlətlər mövcuddur və buna paralel olaraq bu hərbi toqquşmalar verəcəyi nəticələrə görə dağıdıcı xarakter daşıya bilər. Hansısa mərhələdə Amerika Birləşmiş Ştatları da bu savaşa müdaxilə etmək məcburiyyətində qala bilər və belə şəraitdə də daha geniş miqyaslı bir savaşın olma ehtimalı tamamilə realdır. İsrailin hərbi zərbələrinin İranın nüvə obyektlərinə hansı səviyyədə təsirli olub-olmayacağı hələlik qeyri-müəyyən xarakter daşıyır. Çünki mövcud situasiyanın nəticələri dərhal ortaya çıxacaq bir məsələ deyil və həmin obyektlərin qorunma və müdafiə sistemlərinin effektivliyi də bu məsələdə böyük rol oynayır. Əgər hərbi zərbələrlə bağlı proses uzanarsa, daha geniş miqyaslı qlobal savaşın qaçılmaz ola biləcəyi qətiyyən istisna deyil və burada önəmli olan məsələ ABŞ-nin bu savaşda iştirak edib-etməyəcəyi ilə bağlıdır. İlkin ehtimallar ondan ibarətdir ki, ABŞ istənilən halda İsrailə dəstək vermək məcburiyyətində qala bilər. İranın da cavab zərbələri ilə ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbə endirməsi savaşın daha da alovlanmasına yol aça biləcək bir variant hesab olunur. Hesab etmək olar ki, İsrailin İrana hərbi zərbəsi olduqca təhlükəli bir addımdır və bu təhlükəli addım həm İranı, həm İsraili, həm də bütövlükdə Yaxın Şərqi uzun müddətli dağıdıcı savaşa məhkum edə bilər. Bu baxımdan dünyanın çox önəmli və geniş bir arealı hərbi-siyasi xaosun içərisinə çəkilmiş ola bilər. Buna görə də təhlükəli bir prosesin başlandığı qətiyyən şübhə doğurmur”.

 

Lalə Qurbanlı