"Netanyahunun addımları regionu və dünyanı fəlakətə sürükləyir"

Tarix: 22:10 13.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi hücumları şərh edərək bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun düşüncəsiz, aqressiv və qanunsuz hərəkətləri regionu və bütün dünyanı fəlakətə doğru aparır.
“İsrailin qonşumuz olan İrana qarşı həyata keçirdiyi hücumlar beynəlxalq hüququ heçə sayan açıq təxribatdır”, – deyə Türkiyə Prezidenti sosial şəbəkə hesabında yazıb.
Türkiyə lideri beynəlxalq ictimaiyyəti İsrailin bölgədə və dünyada sabitliyi pozmağa yönəlmiş “banditliyinə” qarşı durmağa çağırıb.
Ərdoğanın sözlərinə görə, bu gün səhər İrana edilən hücumla İsrail, başda Qəzza olmaqla bütün regionu qan, göz yaşı və xaos içində boğmaq məqsədi güdən strategiyasını son dərəcə təhlükəli mərhələyə çatdırıb.
“Bu hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzadakı qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir dövrdə həyata keçirilərək İsrailin bütün qaydaları ayaq altına alan düşüncə tərzini nümayiş etdirir”, – deyə dövlət başçısı qeyd edib.
Prezident Ərdoğan “dost və qardaş İran xalqına” başsağlığı verib və Netanyahunun və “qatillər birliyinin” bölgəni alova bürüməsinin qarşısını almağın vacibliyini vurğulayıb.
“Bu gün bir daha bəyan edirik ki, Yaxın Şərqdə daha çox qan, dağıntı və müharibə görmək istəmirik. Türkiyə qonşu İran ərazisinə qarşı törədilən bu dəhşətli hücumları qətiyyətlə pisləyir. Həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, dost və qardaş İran xalqına başsağlığı veririk”, – deyə Ərdoğan bildirib.
Anadolu Agency
Ayan Əsgərova