Azərbaycanın investisiya imkanları müzakirə edilib

Tarix: 20:43 16.06.2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun (OPEC Fund) Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun (Abu Dhabi Fund for Development) baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Onun sözlərinə görə, görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialı vurğulanıb, enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə edilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda investisiya mühiti əlverişli deyil:
"Ölkəmizdə 2030-cu il üçün iqtisadi inkişaf prioritetləri var. Bunların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi, inklüziv iqtisadiyyat, iqtisadiyyatda inklüzivliyin artırılması, Qarabağa Böyük Qayıdış, ekoloji yanaşma kimi məsələlər var. Fond əgər ölkəyə investisiya qoyursa, bu istiqamətlərdən istənilən birinə töhfə verə bilər. Ərəb ölkələri ilə əməkdaşlıq son dövrlərdə genişlənib. Enerji şirkətlərimiz Ərəb ölkələri ilə birgə müəssisələr yaradır. Bundan başqa, BƏƏ və Səudiyyə Ərəbistanının yaşıl enerji şirkətləri Azərbaycana investisiya qoyurlar".
Aygün Babayeva