ABŞ İsrailin İrana hücumuna qoşularsa, gərginlik artacaq -Rusiya

Bölmə: Dünya › ,
Tarix: 19:27 19.06.2025

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ İsrailin İrana qarşı hücumları ilə başlayan qarşıdurmaya qoşularsa, münaqişə bölgəsi genişlənəcək və gərginlik daha da artacaq.

 

Peskov bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində “İzvestiya” və RBK qəzetlərinə verdiyi müsahibələrdə gündəmdəki məsələləri şərh edərkən səsləndirib.

 

İsrailin İrana qarşı həyata keçirdiyi şiddətli hücumlara toxunan Peskov deyib:

 

“Təəssüf ki, hazırda sülhə aparacaq bir zəmin görmürük. Hələlik yalnız qarşılıqlı açıqlamalar və hücumlar müşahidə olunur. Hər açıqlama bir əvvəlkindən daha sərtdir. Gərginlik döngəsi getdikcə böyüyür”.

 

Peskov qeyd edib ki, İran Rusiyadan hərbi yardım istəməyib. Rusiya ilə İran arasında imzalanan genişmiqyaslı strateji tərəfdaşlıq sazişində bu barədə hər hansı maddə yer almır.

Rusiyanın İranı siyasi baxımdan dəstəklədiyini və İsrailin hücumlarını pislədiyini bildirən Peskov vurğulayıb ki, zorakılıq dayandırılmalı, atəşkəs təmin olunmalı, sülh bərpa edilməli və tərəflər danışıqlar masasına qayıtmalıdırlar.

 

TRT XƏBƏR

Nuray Əliyeva