00:00:00
Yazar
Zəri Bayramlı
09.03.2026 20:29 87 5 dəq oxuma
Sosial

9 mart buraxılış imtahanı: Sualların çətinliyi ilə bağlı müzakirələr başlayıb

9 mart buraxılış imtahanı: Sualların çətinliyi ilə bağlı müzakirələr başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 58000 çox abituriyentin iştirakı nəzərdə tutulan imtahan üçün şəhər və rayonlarda 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb.Hər kəsi maraqlandıran məsələ isə imtahanın çətin və ya asan olub-olmaması ilə bağlı suallardır.  
 

Mövzu ilə bağlı "İnformator.az" xəbər saytı olaraq imtahanda iştirak edən abituriyent və mütəxəssislərin fikirlərini öyrəndik. 

 

Bugünkü imtahanda iştirak edən Əkbər Hüseynov “İnformator.az”a açıqlamasında bildirib ki, keçdiyi mövzuların əksəriyyəti imtahanda yer alsa da, bəzi suallar gözlədiyindən çətin olub:

 

“İmtahanda keçdiyim mövzuların çoxu yer almışdı, lakin bəzi suallar gözlədiyimdən çətin idi və bu, bəzi sualları vaxtında cavablandırmaqda çətinlik yaratdı”.

 


Digər bir şagird Aysel Mahmudova isə “İnformator.az”a verdiyi açıqlamaya görə, bu ilki imtahanın sualları ötən ilin imtahan suallarına nisbətən daha çətin olub:

 

“Suallar keçən ilki imtahana nisbətən çətin idi. Xüsusilə, bəzi tapşırıqlar üzərində daha çox düşünməli oldum. Bəzi suallar əvvəlki illərin testlərindən fərqli formada təqdim olunmuşdu və cavablandırmaq üçün diqqət, məntiq və anlayış tələb edirdi”.

 

O həmçinin imtahanda vaxt bölgüsünü düzgün edə bilmədiyini qeyd edib:

 

“Bəzi suallara daha çox vaxt sərf etdiyim üçün digər suallara kifayət qədər zaman ayıra bilmədim. Bu mənə əlavə çətinlik yaratdı”.

 

Mövzu ilə bağlı müəllim və təhsil ekspertinin fikirlərini öyrəndik.

 

“İnformator.az”a danışan  Azərbaycan dili və ədəbiyyat müəllimi Mayıl Soltanov açıqlamasında bildirib ki, 2024 və 2025-ci il buraxılış imtahanlarına nisbətən bugünkü buraxılış imtahanında istifadə edilmiş qrammatika suallarında çətinlik var idi:

 

“Bu gün ölkənin müxtəlif bölgələrində 11-ci siniflərin buraxılış imtahanı keçirildi. Ümumi mənzərə demək olar ki, keçən il olduğu kimi, həm asan, həm də çətin sualların üzərində qurulmuşdu. Xüsusən, Azərbaycan dili fənninə gəldikdə isə, 2024 və 2025-ci il buraxılış imtahanlarına nisbətən bugünkü buraxılış imtahanında istifadə edilmiş qrammatika suallarıda çətinlik vardı. Bu çətinliklər daha çox sualların genişliyi və aldadıcı cavabların çoxluğundan irəli gəlir. Məsələn, Azərbaycan dilində ən mürəkkəb mövzulardan biri feil mövzusudur və bu mövzu ilə bağlı kifayət qədər düşündürücü suallar yer alırdı".

 

Müsahibin sözlərinə görə, bəzi suallarda təqdim edilən nümunələrin nəzm formasında verilməsi də sualların çətinlik səviyyəsini artıran məqamlardan biri olub:

 

“Keçən il demək olar ki, nəzm formasında nümunələr yer almırdı, amma bugünkü imtahanda biz bunun şahidi olduq. Təbii ki, düşündürücü sualların sayı çox olsa da, asan suallar da yer alırdı. Belə ki, mətn suallarının əksəriyyəti rahat idi və təqdim edilən mətnlər də başa düşüləcək qədər asan formada verilmişdi. Normalda, abituriyentlərə iki mətn təqdim edilir: publisistik və bədii mətnlər. Bu mətnlərdən publisistik üslubdan olanı digər mətnə nisbətən çətin olmalıdır, lakin bugünkü imtahanda publisistik mətn daha rahat və başa düşülən idi. Nəticə olaraq, normal oxuyan abituriyent 23-24 sual və daha çox sualı düzgün cavablandıra bilərdi. Martın 15-də keçiriləcək imtahana gəldikdə isə, o imtahanda da suallar bugünkü imtahan sualları səviyyədə olacaq. Bundan çətin və ya asan olma ehtimalı yoxdur, çünki DİM (Dövlət İmtahan Mərkəzi) balansı daim qoruyur və məktəbdə keçirilən dərsliklərə uyğun suallar hazırlayaraq abituriyentlərə təqdim edir”.

 

Bugünkü imtahanla bağlı təhsil ekspertinin fikirlərini öyrəndik. 

 

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, bu il sosial şəbəkələrdə və valideynlər arasında səslənən fikirlər narazılığın miqyasının daha geniş olduğunu göstərir:

 

“Buraxılış imtahanları ilə bağlı hər il müəyyən narazılıqlar olur, amma bu il sosial şəbəkələrdə və valideynlər arasında səslənən fikirlərə baxdıqda narazılığın miqyasının bir qədər daha geniş olduğunu görürük. Xüsusilə, şagird və valideynlər sualların bir hissəsinin proqram daxilində olsa belə, təqdimat formasının həddindən artıq çətin və vaxt baxımından ağır olduğunu qeyd edirlər. Bu kimi siqnallar cəmiyyət tərəfindən səsləndirilirsə, düşünürəm ki, mütləq şəkildə diqqətlə analiz edilməlidir”.

 

Təhsil eksperti həmçinin 15 martda keçiriləcək imtahan barədə də fikirlərini bölüşüb:

 

“9 mart və 15 mart tarixlərində keçirilən buraxılış imtahanlarının rəsmi olaraq eyni model əsasında hazırlanması nəzərdə tutulur. Yəni nəzəri baxımdan çətinlik səviyyəsi arasında fərq olmamalıdır. Lakin praktikada müxtəlif günlərdə təqdim olunan variantların şagirdlər üçün nə dərəcədə balanslı olduğunu yalnız nəticələr və statistika açıqlanandan sonra daha dəqiq qiymətləndirmək mümkün olacaq. Bu baxımdan imtahanların çətinlik səviyyəsinin bərabər saxlanılması məsələsi daim diqqətdə olmalı və ictimai etimadı qorumaq üçün bu barədə daha açıq statistika təqdim olunmalıdır”.

 

Ekspertin sözlərinə görə, son illərdə imtahanlarda daha çox məntiqi təhlil, mətn üzərində işləmə və tətbiq bacarıqlarını ölçən sualların payı artıb:

 

“Bu il imtahan verən bəzi şagirdlərin “imtahan əvvəlki illərlə müqayisədə daha çətin idi” deməsi də təsadüfi deyil. Son illərdə imtahanlarda daha çox məntiqi təhlil, mətn üzərində işləmə və tətbiq bacarıqlarını ölçən sualların payı artıb. Bu yanaşma müəyyən mənada müsbət sayılsa da, digər tərəfdən məktəblərdə tədrisin səviyyəsi, dərs yükü və hazırlıq imkanları ilə tam uyğunlaşmadıqda şagirdlər üçün ciddi çətinlik yarada bilir. Yəni problem bəzən təkcə sualın proqramda olub-olmaması deyil, onun təqdimat forması və tələb olunan analitik yükün şagirdlərin real hazırlıq səviyyəsi ilə nə qədər uyğun olmasıdır. Hesab edirəm ki, bu məsələdə ən vacib məqam şagird və valideynlərin narahatlıqlarına laqeyd yanaşmamaqdır. İmtahan sistemi yalnız qiymətləndirmə mexanizmi deyil, həm də cəmiyyətdə təhsilə olan etimadı formalaşdıran əsas institutlardan biridir. Ona görə də bu kimi narazılıqlar ciddi şəkildə araşdırılmalı, nəticələr təhlil olunmalı və gələcək imtahan modellərində şagirdlərin psixoloji və akademik yükü daha balanslı şəkildə nəzərə alınmalıdır”.


Zəri Bayramlı

#imtahan #abituriyent #çətin #buraxılış #trend
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər