00:00:00
Yazar
Mayıl Soltan
30.06.2026 15:51 78 3 dəq oxuma
Sosial

"Abituriyentlərin nəzərinə: Universitet nə verir, tələbə özü nəyi öyrənməlidir?"

​"Abituriyentlərin nəzərinə: Universitet nə verir, tələbə özü nəyi öyrənməlidir?"

Diplomun olması hələ tam iş təminatı demək deyil və bu reallıq bu gün ali məktəblərə ixtisas seçimi edən yüzlərlə abituriyenti, xüsusən də jurnalist olmaq istəyənləri ciddi şəkildə düşündürür. Cəmiyyətdə medianın nüfuzu və qazanc potensialı ilə bağlı yayılan mənfi rəylər gənclərdə böyük tərəddüdlər yaradır, onları çox vaxt öz arzularından imtina etmək nöqtəsinə gətirir. Reportajımızda ixtisas seçimi ərəfəsində olan gənclərin yaşadıqları bu qorxuların nə dərəcədə əsaslı olduğunu araşdıracaq, eləcə də bu sahənin peşəkarlarının real əmək bazarı ilə bağlı fikirlərinə işıq tutacağıq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva Cəmiyyətdəki "Jurnalistikada iş və qazanc yoxdur" fikrinə münasibət bildirib.

 

Onun sözlərinə görə, bu fikir müəyyən qədər formalaşmış təsəvvür xarakteri daşıyır və müasir media reallığını tam əks etdirmir:

 

"Ənənəvi mediada uzun illər mövcud olmuş iqtisadi çətinliklər və əməkhaqqı problemləri cəmiyyətdə belə bir təsəvvür formalaşdırıb. Lakin son illərdə media bazarında ciddi dəyişikliklər baş verir və jurnalistin fəaliyyət sahəsi xeyli genişlənib.

Bu gün jurnalist artıq yalnız qəzet və ya televiziya əməkdaşı deyil. O, rəqəmsal media, xəbər portalları, multimedia platformaları, korporativ kommunikasiya, ictimaiyyətlə əlaqələr, rəqəmsal marketinq, kontent menecmenti, sosial media menecmenti, podkast və video istehsalı kimi istiqamətlərdə çalışa bilir. Mən həmişə tələbələrimə deyirəm ki, müasir əmək bazarı "diplom" yox, "bacarıq" axtarır. Faktı araşdırmağı, məlumatı təhlil etməyi, peşəkar mətn yazmağı, video və rəqəmsal kontent hazırlamağı bacaran jurnalist işsiz qalmır. O cümlədən, bu bacarıqlara malik mütəxəssislərə əmək bazarında tələbat artır. Öz üzərində davamlı işləyən, xarici dil bilən, rəqəmsal texnologiyalara yiyələnən jurnalist üçün həm ölkə daxilində, həm də beynəlxalq platformalarda kifayət qədər imkan mövcuddur".

 

Müsahibimiz tərəddüd edən və qorxan abituriyentlərə də məsləhətini bildirib:

 

"Peşə seçimi cəmiyyətin formalaşdırdığı stereotiplərə görə deyil, insanın marağına, istedadına və gələcək hədəflərinə uyğun edilməlidir. Əgər gənc araşdırmağı, yazmağı, insanlarla ünsiyyət qurmağı, hadisələrin mahiyyətini anlamağı bacarırsa, jurnalistika onun üçün çox doğru seçim ola bilər. Bu peşə yalnız xəbər yazmaqdan ibarət deyil. Jurnalistika analitik düşüncə, yaradıcı yanaşma, sosial məsuliyyət və ictimai prosesləri anlamaq, şərh etmək və cəmiyyətlə bölüşmək imkanı verən peşədir. Dərslərimdə həmişə vurğulayıram ki, jurnalistika həyat tərzidir. Bu sahədə uğur qazanmaq üçün öyrənməyə açıq olmaq, öz üzərində işləmək və dəyişən texnologiyalara uyğunlaşmaq lazımdır. Əgər məqsədiniz yalnız universiteti bitirməkdirsə, bu peşə sizi qane etməyə bilər. Amma məqsədiniz cəmiyyətə fayda vermək, həqiqəti araşdırmaq, ictimai fikrin formalaşmasına töhfə verməkdirsə, müasir kommunikasiya mühitində peşəkar olmaqdırsa, jurnalistika sizə geniş imkanlar təqdim edir".

 

Könül Niftəliyeva Ali təhsil müəssisələrində jurnalistika təhsilinin son illərdə əhəmiyyətli dərəcədə yeniləndiyini və rəqəmsal transformasiyaya uyğunlaşdırıldığını da qeyd edib: 

 

"Tədris proqramlarına multimedia jurnalistikası, mobil jurnalistika, data jurnalistikası, media savadlılığı, rəqəmsal kommunikasiya, sosial media və süni intellekt texnologiyaları kimi yeni istiqamətlər daxil edilir. Lakin əmək bazarının inkişaf tempi çox yüksəkdir. Buna görə universitet təkbaşına bütün ehtiyacları ödəyə bilməz. Universitet tələbəyə fundamental nəzəri bilik, peşə etikası, analitik düşüncə və baza bacarıqları qazandırır. Peşəkar inkişaf isə universitet, media sənayesi və tələbənin şəxsi təşəbbüsünün vəhdəti nəticəsində baş verir. Hesab edirəm ki, müasir jurnalistika təhsilinin əsas məqsədi tələbəyə yalnız bilik vermək deyil, öyrənməyi öyrətməkdir. Çünki media texnologiyaları sürətlə dəyişir, amma tənqidi düşüncə, peşə etikası, faktın yoxlanılması və obyektivlik prinsipləri dəyişməz qalır. Ona görə də, bugünkü tələbə yalnız auditoriyada öyrəndikləri ilə kifayətlənməməli, praktikaya qoşulmalı, media layihələrində iştirak etməli, xarici dillər öyrənməli və rəqəmsal bacarıqlarını inkişaf etdirməlidir. Məhz bu yanaşma onu müasir əmək bazarında mütəxəssisə çevirəcək",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltanov 

##jurnalistika #BDU #abituriyent
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər