ABŞ bazaları Körfəzdə: təhlükəsizlik qalxanı, yoxsa yeni risk?
ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə Körfəz bölgəsində təhlükəsizlik balansını ciddi şəkildə dəyişib. İranın ABŞ hərbi bazalarını hədəf alması nəticəsində Qətər, Bəhreyn, BƏƏ, Küveyt və Oman kimi ölkələr birbaşa risk zonasına daxil olub.
Ekspertlərə görə, ABŞ bazaları artıq ikiqat rol oynayır: bir tərəfdən region üçün qoruyucu və çəkindirici güc hesab olunur, digər tərəfdən isə bu ölkələri potensial hədəfə çevirir.
Mütəxəssis Bilgəhan Alagöz bildirir ki, İranla Körfəz ölkələri arasındakı gərginlik yeni deyil və tarixi-geosiyasi rəqabətə əsaslanır. Lakin hazırkı müharibə bu gərginliyi daha təhlükəli mərhələyə keçirib. İranın strategiyası münaqişəni genişləndirmək və onun yükünü bütün regiona yaymaqdır.
Bundan əlavə, İran Körfəzdə gərginlik yaradaraq enerji yollarına təsir göstərmək və qlobal iqtisadi təzyiq formalaşdırmaq istəyir. Xüsusilə Hörmüz boğazında yaranan risklər neft qiymətlərinə və dünya bazarına ciddi təsir edir.
Nəticə etibarilə, Körfəz ölkələri üçün ABŞ-lə hərbi əməkdaşlıq həm təhlükəsizlik təminatı, həm də risk mənbəyidir. Bu səbəbdən region ölkələri yeni təhlükəsizlik alternativləri axtarmağa başlayıb. Türkiyənin bu prosesdə rolu isə getdikcə daha da ön plana çıxır.
TRT HABER
Reyhan Quliyeva