Tramp Netanyahunu dəstəkləyib: ABŞ İsraillə birlikdə İrana yeni zərbə endirə bilərmi?
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun seçki kampaniyasına rəsmi dəstəyini açıqlayıb. Bu bəyanat Vaşinqtonun İranla müharibəni yenidən başlatmaq ehtimalları fonunda diqqət çəkib.
"İnformator.az" "Əl-Cəzirə"yə istinadən bildirib ki, Tramp “Truth Social” platformasında paylaşım edərək Netanyahunu güclü lider və sülh naminə mühüm tərəfdaş adlandırıb. O, İranın hərbi və maliyyə baxımından sistemli şəkildə zəiflədildiyini bildirərək, Tehranın mövqeyini dəyişməyəcəyi təqdirdə əməliyyatın başa çatdırılacağını qeyd edib.
Trampın sözlərinə görə, Netanyahudan başqa bir liderin İsrailə rəhbərlik etməsi halında ABŞ bu işi özü görməli olacaq.
Məlumatda bildirilir ki, Trampın dəstəyi Netanyahunun seçki mövqeyini gücləndirə bilər. Bununla belə, ekspertlər İsrail cəmiyyətində baş nazirə münasibətin birmənalı olmadığını və bu bəyanatın seçkinin nəticəsini köklü şəkildə dəyişəcəyinə dair əsasların məhdud olduğunu düşünürlər.
Mehriban Yariyeva