“ABŞ çalışır ki, edə biləcəyi yardım qarşılığında Kubanı öz təsir dairəsinə salsın”- ŞƏRH
ABŞ Prezidenti Donald Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu bildirib. O qeyd edib ki, Kuba ABŞ-dən yardım istəyir və Vaşinqton bu dəstəyi göstərməyə hazırdır. Trampın sözlərinə görə, tərəflər arasında münasibətlərin yaxşılaşdırılması üçün müəyyən addımlar atıla bilər və dialoq imkanları mövcuddur.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Kubadakı ciddi iqtisadi böhrandan istifadə edərək, bu ölkəyə yardım qarşılığında Çin və Rusiyanın regiondakı geosiyasi təsirini məhdudlaşdırmağa və Havananı öz orbitinə yaxınlaşdırmağa çalışır:
“Trampın Kuba ilə bağlı razılaşma imkanı və Kubanın guya ABŞ-dən yardım istəməsinə dair açıqlamaları ilk növbədə Vaşinqtonun Latın Amerikası siyasətində yeni taktiki yanaşma axtarışında olduğunu göstərir. Burada söhbət təkcə hansısa humanitar və ya iqtisadi yardımdan getmir. Əslində məsələ daha geniş geosiyasi və strateji maraqlarla bağlıdır. ABŞ uzun illərdir Kubaya qarşı sanksiya və təzyiq siyasəti yürüdür, lakin bu siyasətin Havananı tam şəkildə Vaşinqtonun istədiyi istiqamətə yönəldə bilmədiyi də ortadadır. Ona görə də indi yardım mesajı müəyyən şərtlər qarşılığında münasibətləri yumşaltmaq cəhdi kimi görünür. Kuba həqiqətən də hazırda ciddi iqtisadi böhran yaşayır. Ölkədə ərzaq qıtlığı, enerji problemi, yüksək inflyasiya və sosial narazılıq artmaqdadır. Turizm gəlirlərinin azalması və ABŞ sanksiyalarının təsiri Havana hakimiyyətini alternativ çıxış yolları axtarmağa məcbur edir. Bu baxımdan Trampın qeyd etdiyi yardım əsasən iqtisadi və humanitar dəstək, investisiya imkanları, enerji təminatı və bəzi sanksiyaların yumşaldılması ilə bağlı ola bilər. ABŞ çalışır ki, edə biləcəyi yardım qarşılığında Kubanı öz təsir dairəsinə salsın. Xüsusilə də, Kubanın Çin, Rusiya və İranla münasibətlərdə məsafə saxlaması ABŞ üçün prioritet təşkil edir. Məsələ burasındadır ki, son illərdə Çin və Rusiya Latın Amerikasında, xüsusilə də, ABŞ-yə yaxın coğrafiyada, Venesuela və Kubada təsir imkanlarını xeyli artırıb. Venesuela məsələsini Vaşinqton Maduronu həbs etməklə böyük ölçüdə həll etməyi bacardı. Kuba isə həm tarixi, həm coğrafi mövqeyi səbəbindən Vaşinqton üçün xüsusi həssas ərazi hesab olunur. ABŞ administrasiyası anlayır ki, Kubanın tam şəkildə Moskva və Pekinin təsir dairəsində qalması strateji baxımdan arzuolunan deyil. Buna görə də Vaşinqton Havananı da öz orbitinə yaxınlaşdırmağa çalışır. ABŞ və Kuba arasında mümkün yaxınlaşma Latın Amerikasında anti-Amerika ritorikasını zəiflədə, Rusiya və Çinin regiondakı təsirini məhdudlaşdıra və Vaşinqtonun təzyiq yerinə daha çevik diplomatik strategiyaya keçdiyini nümayiş etdirə bilər”.
Politoloq vurğulayıb ki, əgər ABŞ-Kuba münasibətlərində real yaxınlaşma baş verərsə, bu, bütövlükdə region siyasətinə də təsir edə bilər:
“Birincisi, Latın Amerikasında anti-Amerika ritorikasının müəyyən qədər zəifləməsi mümkündür. Çünki Kuba uzun illər ABŞ siyasətinə qarşı simvolik müqavimət mərkəzi olub. İkincisi, Vaşinqton regionda Çin və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq üçün yeni diplomatik platforma qazana bilər. Ən nəhayət ABŞ daxilində xüsusilə, Florida ştatındakı Kuba mənşəli seçicilərin mövqeyi də bu siyasətə təsir edən mühüm faktordur. Bununla belə, Trampın mesajını hələlik münasibətlərdə tam yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək tezdir. ABŞ və Kuba arasında uzun illər formalaşan ciddi etimadsızlıq mövcuddur. Bundan əlavə, ABŞ daxilində Kubaya münasibətdə sərt xətti müdafiə edən siyasi dairələr də kifayət qədər güclüdür. Havana hakimiyyəti də Vaşinqtonun mümkün şərtlərini ehtiyatla qarşılayır. Lakin bütün hallarda Trampın bu açıqlaması göstərir ki, ABŞ artıq yalnız təzyiq siyasəti ilə nəticə əldə etməyi yox, həm də daha çevik diplomatik yanaşma ilə Kubanı ram etmək istəyir”.
Aydan Əsgərxanlı