ABŞ-də qızılca narahatlığı artır: Səhiyyə rəsmiləri əsas çıxış yolunu yenidən peyvənddə görür
Son vaxtlar ABŞ-də qızılca virusunun sürətlə yayılması səhiyyə mütəxəssislərini və valideynləri ciddi narahat etməyə başlayıb. Ölkə son otuz ilin ən yüksək yoluxma göstəriciləri ilə üz-üzə qaldığı bir vaxtda, ABŞ-nin 2000-ci ildən bəri qoruyub saxladığı "qızılcadan azad ölkə" statusunu itirmək təhlükəsi gündəmə gəlib.
Panamerika Səhiyyə Təşkilatının ekspertləri yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərarını açıqlayacaq. Lakin ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Dr. Erika Şvarts ictimaiyyəti sakitləşdirməyə çalışaraq bildirib ki, rəsmi statusun dəyişməsi xəstəliklə mübarizə strategiyasına təsir etməyəcək. "Reuters" agentliyinə danışan Şvartsın sözlərinə görə, qurum əvvəlki kimi ştatlarla əl-ələ verərək maarifləndirmə işlərini davam etdirəcək. O, virusdan qorunmağın ən etibarlı və bir nömrəli yolunun məhz MMR (qızılca, parotit və məxmərək əleyhinə) peyvəndi olduğunu bir daha xatırladıb. Statistika isə vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Belə ki, 2025-ci il ərzində ölkədə 2 289 yoluxma halı qeydə alınmışdısa, 2026-cı ildə bu rəqəm artıq 5 200-ə yaxınlaşıb, ötən ilin əvvəlindən bəri isə 11 nəfər həyatını itirib. Dr. Şvarts yoluxmaların daha çox peyvəndləmə səviyyəsinin aşağı olduğu qapalı icmalarda, xüsusilə də bəzi dini qruplar arasında yayıldığını qeyd edib. Onun fikrincə, bu icmalara daha həssas yanaşmaq və peyvəndin əhəmiyyətini onlara düzgün izah etmək əsas prioritet olmalıdır. Digər tərəfdən, ölkənin səhiyyə siyasətində peyvəndlərlə bağlı müzakirələr də səngimir. Səhiyyə naziri kiçik Robert F. Kennedinin peyvəndlərə skeptik yanaşması və avqust ayında Prezident Donald Trampın MMR peyvəndinin üç ayrı inyeksiyaya bölünməsi ilə bağlı imzaladığı fərman həkimlər arasında müəyyən narahatlıq yaradıb. Mütəxəssislər bu cür addımların valideynlər arasında çaşqınlığı artıracağından ehtiyat edirlər. Bütün bu siyasi və tibbi müzakirələrin fonunda CDC direktoru öz müstəqilliyini qoruduğunu və nazir Kennedi ilə gündəlik əlaqədə olsa da, qurumun strateji qərarlarının məsuliyyətini şəxsən öz üzərinə götürdüyünü vurğulayıb. Görünən odur ki, rəsmi statusdan asılı olmayaraq, ABŞ səhiyyə sistemi qarşıdakı aylarda valideynləri peyvəndin vacibliyinə inandırmaq üçün daha çox çalışmalı olacaq.
Səkinə Musayeva