ABŞ-də universitetə silahlı hücum!
ABŞ-nin Florida ştatında yerləşən Florida Dövlət Universiteti (FSU) cümə axşamı yerli vaxtla saat 11:50 radələrində baş verən silahlı hücumla sarsılıb. Rəsmilər hücum nəticəsində iki nəfərin həyatını itirdiyini, altı nəfərin isə yaralandığını bildiriblər.
Florida Dövlət Universitetində çalışan Polis Şefi Ceyson Trumabuer keçirdiyi mətbuat konfransında hücumla bağlı detalları bölüşüb. Trumabuer, silahlının tələbə və müəllim heyətinin olduğu bir binaya girərək təsadüfi şəkildə atəş açdığını bildirib. Hadisə yerində iki nəfərin həyatını itirdiyini, beş nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığını açıqlayıb. Polis, hücumçunun silahdan atəş açmasından bir neçə dəqiqə sonra müdaxilə edərək onu zərərsizləşdirib. Hücumçunun da yaralı halda xəstəxanaya aparıldığı bildirilib. Rəsmilər hücumçunun universitetin tələbələrindən biri olduğunu, həyatını itirən iki şəxsin isə məktəbin tələbəsi olmadığını açıqlayıblar. Hücumçunun 20 yaşlı Feniks İkner olduğu və Leon dairəsi Şerif Köməkçisinin oğlu olduğu bildirilib. Təhlükəsizlik qüvvələri, İknerin hücumu təkbaşına həyata keçirdiyini açıqlayıb. Hücum zamanı onun üzərində bir tapança və bir tüfəngin olduğu, lakin tüfəngin istifadə olunub-olunmadığının hələ dəqiqləşmədiyi qeyd edilib. Hücumla birlikdə kampusda təcili vəziyyət siqnalı aktivləşdirilib. Tələbələr təhlükəsizlik protokollarına uyğun olaraq binaların içində gizləniblər. Florida Dövlət Universitetinin rəhbərliyi yerli vaxtla saat 15:20-də fövqəladə vəziyyətin başa çatdığını və həmin gün üçün bütün dərslər və tədbirlərin ləğv olunduğunu elan edib.
Mənbə:CNN
Ətirə İbayeva