“ABŞ əgər Venesuelaya qarşı hərbi təzyiq göstərərsə,….”
ABŞ Prezidenti Donald Tramp Venesueladakı siyasi və iqtisadi böhranın dərinləşməsi fonunda ölkəyə elit hərbi qüvvələrin göndərilməsi barədə qərar verib. Rəsmi Vaşinqton bu addımın məqsədini “demokratiyanı dəstəkləmək, insan hüquqlarını qorumaq və regionda təhlükəsizlik vəziyyətini sabitləşdirmək” kimi əsaslandırır.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Venesuelaya hərbi qüvvə göndərməsi beynəlxalq münasibətlər sistemində təhlükəli presedent formalaşdırır:
“Dünya düzəni tamamilə sabit olmasa da, beynəlxalq hüquq hələ də dövlətlərin ərazi bütövlüyü, suverenliyi və güc tətbiqinin yolverilməzliyi kimi prinsiplərə söykənir. ABŞ əgər Venesuelaya qarşı hərbi təzyiq göstərərsə, bu onsuz da parçalanmış olan dünya düzəninə daha sarsıdıcı zərbə olacaq. Bununla digər dövlətlər də istənilən siyasi problemi güc yolu ilə həll etməyə cəhd edə bilər. Bu isə beynəlxalq sistemdə etimadı azaldır və gələcək qarşıdurmalar üçün zəmin yaradır. Tramp administrasiyasının bu qərarı ABŞ-nin beynəlxalq nüfuzuna mənfi təsir edə və ölkəni tənqid hədəfinə çevirə bilər. ABŞ bunu istər insan haqlarının müdafiəsi, narkoticarətə qarşı mübarizə, istərsə də sabitliyin bərpası adı ilə əsaslandırsın mahiyyət eynidir. Bu suveren bir ölkəyə qarşı hərbi təzyiqdir. Necə ki, Rusiya Ukraynaya müdaxiləni xüsusi hərbi əməliyyat kimi təqdim edib və dünya tərəfindən tənqid olunub. ABŞ-nin bu addımı da oxşar reaksiyalara səbəb ola bilər. Bu qərar həm Vaşinqtonun beynəlxalq reytinqini zədələyə, həm də regionda anti-Amerika əhval-ruhiyyəni gücləndirə bilər. Onun sözlərinə görə, Venesueladakı siyasi böhranın həlli üçün hərbi müdaxilə yeganə yol deyil və alternativ diplomatik imkanlar da mövcuddur. Venesuelada hakimiyyət böhranının həlli üçün əvvəlcə daxili siyasi dialoq bərpa edilməlidir. Beynəlxalq təşkilatlar, Amerika Dövlətləri Təşkilatı və digər regional qurumlar vasitəsilə vasitəçilik mexanizmləri işə salına bilər. Əgər ölkədə narkoticarət və insan hüquqları ilə bağlı real problemlər varsa, bunun həlli üçün hüquqi və siyasi yollar mövcuddur. Hərbi müdaxilə nə iqtisadi stabillik, nə də demokratik institutların inkişafı üçün çıxış yolu deyil. ABŞ-nin bu addımı region ölkələri xüsusilə Meksika, Braziliya, Argentina və Kuba kimi dövlətlərin narahatlığına səbəb olur. Latın Amerikası ölkələri uzun illərdir ABŞ-nin müdaxilələrinə qarşı həssasdır. Bu səbəbdən bir çox dövlətlər bu qərarı açıq şəkildə dəstəkləməsə də, diplomatik dillə ehtiyatlı mövqe sərgiləyirlər. Regionda yeni qarşıdurmaların yaranması həm siyasi, həm də iqtisadi təhlükələr yarada bilər.Yaxın müddətdə əsas proseslər diplomatik kanallar üzərindən davam edəcək. Lakin ABŞ-nin hərbi planları tam şəkildə reallaşarsa, bu beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsinin başlanğıcı ola bilər”.
Ayşə Müzəfərli
