“ABŞ-nin bu tələblərdən geri çəkilməsi inandırıcı görünmür” - ŞƏRH
İran və Amerika Birləşmiş Ştatları nümayəndələri arasında İslamabad şəhərində danışıqların aprelin 11-də keçirilməsi gözlənilir.
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, planlaşdırılan görüş gərginliyin azaldılması baxımından mühüm diplomatik epizod ola bilər:
“Amma bu görüşün gərginliyin real və davamlı azalmasına gətirib çıxarıb-çıxarmayacağı daha çox danışıqların məzmunundan və tərəflərin kompromisə hazırlığından asılı olacaq. Qısa müddətli perspektivdə əsas təsir kommunikasiya kanallarının açıq saxlanılması və atəşkəsin pozulmasının qarşısının alınması ola bilər. Lakin İran və ABŞ arasındakı əsas ziddiyyətlər - nüvə proqramı, ballistik raketlər, proksi qüvvələr və sanksiyalar struktur xarakter daşıyır və bir görüşlə həll olunacaq səviyyədə deyil. Digər tərəfdən tərəflərin tələbləri bir-birinə ziddir ki, bu da kompromis imkanlarını çətinləşdirir. ABŞ-nin bu tələblərdən geri çəkilməsi də inandırıcı görünmür. Buna görə də bu görüş daha çox gərginliyin idarə olunması vasitəsi kimi çıxış edə bilər, nəinki onun köklü həlli kimi”.
Həmçinin şərhçi qeyd edib ki, danışıqların Yaxın Şərq təhlükəsizlik vəziyyətinə təsiri də eyni məntiq çərçivəsində qiymətləndirilməlidir:
“Əgər müəyyən anlaşmalar əldə olunarsa, bu, regionda gərginliyin azalmasına səbəb ola bilər. İranın regiondakı müttəfiq qruplara təsiri və ABŞ-nin hərbi mövcudluğu nəzərə alındıqda, gərginliyin azalması dolayı şəkildə bir sıra münaqişə ocaqlarında sabitləşməyə töhfə verə bilər. ABŞ üçün bu görüş həm də regional müttəfiqlərinə özünün hələ də əsas təhlükəsizlik təminatçısı olduğunu göstərmək baxımından əhəmiyyətlidir”.
Aytac İbrahimova