ABŞ və Çin Rusiya ilə üçtərəfli danışıqların keçirilməsini vacib hesab edirlər
ABŞ Dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Van İ telefon danışığı zamanı Rusiyanın da iştirakı ilə sülhün təmin edilməsi və nüvə silahlarının azaldılması məsələlərini əhatə edən mümkün üçtərəfli yüksəksəviyyəli danışıqların keçirilməsinin vacibliyi barədə razılığa gəliblər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, bu təşəbbüs əslində beynəlxalq münasibətlərdə rəqabət və əməkdaşlığın paralel şəkildə mövcud olduğu yeni geosiyasi reallığı əks etdirir:
"ABŞ və Çin arasında ticarət, texnologiya, süni intellekt, hərbi-siyasi təsir və regional təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılıqlarının olduğu məlumdur. Bununla belə, dünyanın iki ən böyük iqtisadi gücü nüvə təhlükəsizliyi kimi bəşəri əhəmiyyət daşıyan məsələlərdə qarşılıqlı dialoqun zəruriliyini anlayır. Çünki nüvə dövlətləri arasında etimadın zəifləməsi, silahlanma yarışının sürətlənməsi və strateji səhv hesablamalar yalnız ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi risklər yaradır".
Əlavə olaraq politoloq bildirib ki, digər mühüm məqam Rusiyanın bu prosesə cəlb edilməsidir:
"Rusiya və ABŞ dünyanın ən böyük nüvə arsenallarına malik dövlətlərdir. Çinin nüvə potensialı isə sürətlə genişlənsə də, hələlik ABŞ və Rusiyanın arsenalı ilə eyni səviyyədə deyil. Məhz buna görə Pekin indiyədək üçtərəfli nüvə silahlarına nəzarət danışıqlarına ehtiyatla yanaşıb və belə danışıqlarda iştirakın bərabər şərtlər əsasında aparılmalı olduğunu bildirib.
Vaşinqtonun bu təşəbbüsdə marağı, ilk növbədə, nüvə silahlarına nəzarət mexanizmlərini ikitərəfli ABŞ-Rusiya formatından daha geniş beynəlxalq çərçivəyə keçirmək istəyindən irəli gəlir. ABŞ hesab edir ki, Çinin nüvə arsenalının genişlənməsi gələcək strateji sabitlik məsələlərində Pekinin də məsuliyyət daşımasını zəruri edir".
Onun sözlərinə görə, Vaşinqton həm Rusiyanın, həm də Çinin nüvə potensialına dair şəffaflığın artırılmasına, silahlanma yarışının məhdudlaşdırılmasına və mümkün risklərin idarə olunmasına nail olmağa çalışır:
"Bu yanaşma ABŞ-nin qlobal təhlükəsizlik sistemində mövcud mövqelərini qorumaq marağı ilə də bağlıdır.
Pekin üçün isə bu dialoq fərqli strateji əhəmiyyət daşıyır. Çin bir tərəfdən ABŞ ilə münasibətlərdə gərginliyin idarə olunmasında, iqtisadi və texnoloji rəqabətin nəzarətdən çıxmasının qarşısının alınmasında maraqlıdır. Digər tərəfdən, nüvə silahlarının azaldılması üzrə danışıqlarda özünü ABŞ və Rusiya ilə eyni məsuliyyət daşıyan böyük güc kimi təqdim etmək istəsə də, arsenal fərqinə görə bərabərhüquqlu yanaşma tələb edir. Buna görə də Pekin üçtərəfli formatın yaradılmasını avtomatik şəkildə nüvə tərksilahı öhdəliklərinin qəbul edilməsi kimi qiymətləndirmir".
Nəticə olaraq Rəşad Bayramov bildirib ki, Rusiya üçün belə bir görüş beynəlxalq təcrid şəraitində diplomatik mövqelərini gücləndirmək və ABŞ ilə birbaşa dialoq imkanlarını genişləndirmək baxımından əhəmiyyətli ola bilər:
"Moskva Ukrayna müharibəsinin dayandırılması məsələsinin də bu müzakirələrdə yer almasına maraq göstərir. Bununla belə, üç dövlətin gündəliyindəki prioritetlərin fərqli olması danışıqların konkret nəticələrə çevrilməsini mürəkkəbləşdirə bilər. Noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində mümkün üçtərəfli görüşün təşkili müzakirə olunsa da, belə bir görüşün yekun formatı və nəticələri hələ müəyyənləşməyib.
Beləliklə, ABŞ və Çinin ortaq diplomatik ritorikası onların strateji rəqabətdən imtina etməsi deyil, qlobal təhlükəsizliyə təsir edən məsələlərdə rəqabəti idarə etmək zərurətini qəbul etməsidir. Bu proses beynəlxalq münasibətlərdə böyük güclər arasında selektiv əməkdaşlığın və çoxşaxəli diplomatiyanın əhəmiyyətinin artdığını göstərir. Üçtərəfli danışıqların real nəticə verib-verməyəcəyini isə tərəflərin nüvə təhlükəsizliyi, Ukrayna münaqişəsi və qarşılıqlı strateji maraqlar üzrə nə dərəcədə kompromisə hazır olması müəyyən edəcək".
Səadət Əlizadə