ABŞ və İran arasında əsas fikir ayrılığı qarşılıqlı etimadsızlıqdır - ŞƏRH
ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı tərəflərin fərqli mövqeləri danışıqlar prosesini çətinləşdirir. Vaşinqton uzunmüddətli və konkret təminatlara əsaslanan saziş əldə etməyə çalışdığı halda, Tehran qısamüddətli və mərhələli razılaşmaya üstünlük verir.
Mövzu ilə bağlı politoliq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın qısamüddətli razılaşmaya üstünlük verməsi ölkənin üzləşdiyi iqtisadi və hərbi təzyiqlərlə əlaqədardır. Tehran ilk növbədə sanksiyaların və iqtisadi blokadanın aradan qaldırılmasını, dondurulmuş aktivlərinə çıxış əldə etməyi, eləcə də Hörmüz boğazında gəmiçiliyin bərpasını istəyir.
Politoloq bildirib ki, ABŞ isə ilk növbədə İrandan konkret və yoxlanıla bilən öhdəliklər götürməsini tələb edir. Bu yanaşma tərəflərin danışıqlardakı prioritetlərinin fərqli olduğunu göstərir.
Onun fikrincə, tərəflər arasındakı əsas ziddiyyət qarşılıqlı etimadsızlıqdan qaynaqlanır. Belə ki, Vaşinqton əvvəlcə İranın öhdəlik götürməsini, Tehran isə təzyiqlərin aradan qaldırılmasını istəyir.
Politoloq hesab edir ki, bu fikir ayrılığı aradan qaldırılmadığı təqdirdə, danışıqların nəticə verməsi çətin olacaq. Bu baxımdan, mümkün razılaşmanın mərhələli şəkildə həyata keçirilməsi, beynəlxalq monitorinq mexanizmlərinin yaradılması və qarşılıqlı təminatların verilməsi xüsusi əhəmiyyət daşıyır.
Ada Hacızadə