00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.11.2026 23:02 63 2 dəq oxuma
Siyasət

Azərbaycan-Rusiya ticarət əlaqələrinin inkişafında yeni imkanlar gündəmdə

Azərbaycan-Rusiya ticarət əlaqələrinin inkişafında yeni imkanlar gündəmdə

 

Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları müzakirə olunub. Noyabrın 25-də İqtisadiyyat Nazirliyində keçirilən görüşdə tərəflər qarşılıqlı ticarətin artırılması, sənaye və kənd təsərrüfatı sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi məsələlərini dəyərləndiriblər. Həmçinin birgə sənaye zonalarının yaradılması və işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirir ki, Rusiya şirkətləri ilə birgə müəssisələrin yaradılması yeni investisiyaların cəlb olunmasına və istehsal imkanlarının artmasına şərait yarada bilər:

 

"Azərbaycan və Rusiya arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müəyyən çətinliklər də mövcuddur. Logistika və daşınma xərcləri, sərhəd-keçid prosedurları, məhsulların sertifikatlaşdırılması və bank əməliyyatları sahibkarların qarşılaşdığı əsas problemlərdəndir. Bu çətinliklərin aradan qaldırılması ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər. Xüsusilə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarından daha geniş istifadə mühüm əhəmiyyət daşıyır.Gələcəkdə aqrar məhsulların emalı, qida sənayesi, maşınqayırma, kimya sənayesi, logistika və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan məhsullarının Rusiya bazarında yalnız xammal deyil, həm də emal olunmuş və yüksək əlavə dəyərə malik məhsullar şəklində təqdim edilməsi vacibdir. 

 

Ümumilikdə, Azərbaycan-Rusiya ticarət əlaqələrinin inkişafı hər iki ölkənin sahibkarları üçün yeni bazarlar və investisiya imkanları yaradır. Mövcud potensialın reallaşdırılması, ticarət sahələrinin şaxələndirilməsi və qarşılıqlı biznes əməkdaşlığının gücləndirilməsi gələcək inkişafın əsas istiqamətləri hesab olunur".

Ayan Məmmədzadə

#yeni #xəbər #gündəmdə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər