TRIPP layihəsində Azərbaycanın rolu və maraqları
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, həmin dəhlizin giriş və çıxış nöqtələri Azərbaycan sərhədinə bağlıdır. Ona görə də layihənin həyata keçirilməsi və yüklərin daşınmasının düzgün təşkili üçün Azərbaycanın mövqeyi nəzərə alınmalıdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Ceyhun Bayramovun TRIPP layihəsinin həyata keçirilməsi zamanı Azərbaycanın mövqeyinin nəzərə alınmasının vacibliyi ilə bağlı açıqlaması həm mühüm geosiyasi və həm də praktiki məna daşıyır.
“Burada söhbət Azərbaycanın hansısa regional layihəyə kənardan təsir göstərmək istəyindən deyil, birbaşa iştirakçısı olduğu nəqliyyat bağlantısının formalaşdırılması prosesində milli maraqlarının və təhlükəsizlik prioritetlərinin təmin edilməsindən gedir.
İlk növbədə nəzərə almaq lazımdır ki, TRIPP yalnız Ermənistan ərazisindən keçəcək 42 kilometrlik nəqliyyat xətti deyil. Bu layihənin giriş və çıxış nöqtələri Azərbaycan sərhədinə bağlıdır və onun əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsidir. Deməli, marşrutun texniki parametrləri, gömrük prosedurları, yükdaşımaların təşkili, sərhəd infrastrukturu və təhlükəsizlik məsələləri Azərbaycan ilə razılaşdırılmadan layihənin tam funksional şəkildə işləməsi mümkün olmayacaq. Ceyhun Bayramovun son açıqlaması da məhz bu reallığa əsaslanır”.
Həmçinin politoloq qeyd edib ki, Azərbaycanın layihəyə yanaşması regional təhlükəsizlik və sabitlik baxımından da əhəmiyyətlidir.
“Bizim üçün TRIPP Ermənistanla münasibətlərin normallaşmasına, Naxçıvanın ölkənin əsas nəqliyyat şəbəkəsinə inteqrasiyasına və Şərq-Qərb nəqliyyat dəhlizinin genişlənməsinə xidmət edən imkandır. Bu baxımdan layihə yalnız iki ölkənin deyil, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya dövlətlərinin də iqtisadi maraqlarına toxunur. Yeni bağlantıların regionun tranzit potensialını artırmaqla yanaşı, mövcud marşrutlardan asılılığı da azaldacağı şübhəsizdir.
Azərbaycanın mövqeyinin nəzərə alınmaması müəyyən diplomatik problemlər yarada bilər. Əgər Ermənistan və ABŞ arasında qəbul edilən texniki və idarəetmə qərarları Bakı ilə lazımi səviyyədə uzlaşdırılmasa, sərhəd keçidləri, yükdaşımaların təşkili və infrastrukturun istismarı ilə bağlı fikir ayrılıqları meydana çıxa bilər. Bu isə layihənin icrasını mümkünsüz etməklə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində qarşılıqlı etimadın formalaşmasına da mənfi təsir göstərəcək”.
Bunlarla yanaşı, Rəşad Bayramov vurğulayıb ki, risklərin qarşısını almaq üçün konkret mexanizmlər vacibdir.
“İlk növbədə, Azərbaycan, Ermənistan və ABŞ arasında daimi fəaliyyət göstərən üçtərəfli texniki koordinasiya mexanizmi yaradılmalı, layihənin bütün texniki parametrləri qarşılıqlı razılaşdırılmalıdır. İkincisi, operatorun idarəetmə modelində Azərbaycanın giriş-çıxış infrastrukturu ilə bağlı qərarların qəbulunda iştirakını təmin edən prosedurlar müəyyənləşdirilməlidir. Üçüncüsü, gömrük, sərhəd nəzarəti, təhlükəsizlik, tarif siyasəti və yükdaşımalar üzrə ayrıca razılaşmalar əldə edilməlidir. Burada Ermənistan ərazisində suverenliyin Ermənistanın özündə qalması ilə Azərbaycanın legitim nəqliyyat və təhlükəsizlik maraqlarının uzlaşdırılması əsas prinsip olmalıdır.
Ermənitsan və eləcə də hər kəs başa düşməlidir ki, Azərbaycanın TRIPP layihəsində mövqeyinin nəzərə alınması hansısa siyasi güzəşt deyil, layihənin uğurlu fəaliyyətinin zəruri şərtidir. Biz dövlət olaraq layihənin reallaşmasında maraqlıyıq və onun mümkün qədər tez həyata keçirilməsini dəstəkləyirik. Lakin bu proses Azərbaycanın iştirakı və maraqları nəzərə alınmaqla aparılmalıdır. Çünki Cənubi Qafqazda davamlı nəqliyyat bağlantılarının yaradılması yalnız bütün maraqlı tərəflərin hüquq və öhdəliklərinin qarşılıqlı şəkildə uzlaşdırılması ilə mümkündür. Azərbaycanın yanaşmasının mahiyyəti də məhz bundan ibarətdir”.
Ayşə Cəfərova