00:00:00
Yazar
Admin User
15.12.2025 13:13 109 2 dəq oxuma
Dünya

Aİ Gürcüstanın Avropa yoluna dönəcəyinə ümid edir

Aİ Gürcüstanın Avropa yoluna dönəcəyinə ümid edir

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə ali komissarı Marta Kos deyib ki, Gürcüstan Avropa yolunda irəliləmək istəyirsə, başqa cür hərəkət etməlidir. “Biz əlbəttə ki, vətəndaş cəmiyyətini və müstəqil medianı dəstəkləməkdə davam edəcəyik. Mən çox ümid edirəm ki, xalqın dəstəyi ilə Gürcüstan hökuməti Avropa yoluna geri dönəcək. Lakin əlbəttə ki, bu, onların əlindədir”, - Kos əlavə edib.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Gürcüstanın xarici dəstəyə dair müəyyən etdiyi şərtlərlə Avropa İttifaqının yardım mexanizmləri uyğun gəlmir:

 

"Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin soyuması Mixeil Saakaşvillidən sonra baş verən hakimiyyət dəyişikliyi ilə əlaqələndirilir. Saakaşvilidən sonra hakimiyyətə gələn qüvvələrin apardığı siyasət Avropa İttifaqının müəyyən etdiyi meyarlarla üst-üstə düşməyib. Əslində, tərəflər arasında qarşılıqlı ittihamlar mövcuddur. Avropa İttifaqı Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakimiyyətin Avropa dəyərlərindən uzaqlaşdığını bildirir. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqını ölkənin daxili işlərinə müdaxilə etməkdə və demokratik proseslərə birtərəfli yanaşmaqda günahlandırır. Bu şəraitdə tərəflər arasında münasibətlər getdikcə daha da gərginləşir. Belə dəstəklər adətən qəbul edən ölkənin siyasətinin donor qurumla bu halda Gürcüstanla Avropa İttifaqının siyasəti ilə uyğunluğuna bağlıdır. Gürcüstan hökuməti hazırda QHT-lərin və medianın Avropa strukturlarından qrant və digər maliyyə yardımı almasını məhdudlaşdırıb".

 

 

 Müsahib bildirib ki, hakimiyyətin mövqeyinə görə, vətəndaş cəmiyyəti yalnız ölkənin daxili maliyyə resursları hesabına fəaliyyət göstərməlidir. Lakin Gürcüstanın xarici dəstəyə dair müəyyən etdiyi şərtlərlə Avropa İttifaqının yardım mexanizmləri uyğun gəlmir:

 

"Belə bir şəraitdə Avropa İttifaqının Gürcüstandakı media və qeyri-hökumət təşkilatlarına dəstəyi demək olar ki, sıfır səviyyəsinə düşüb. Gələcəkdə Gürcüstanla Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətdən fərqli və inkişaf edən templə davam etməsi bir sıra şərtlərdən asılıdır. Mövcud gərginlik, əslində, Gürcüstanla Avropa İttifaqının fərqli siyasi prinsiplərə əsaslanmasından qaynaqlanır. Bu isə o deməkdir ki, vəziyyətdən çıxış yolu yalnız iki variantdan birində mümkündür, ya Gürcüstan hakimiyyəti siyasi kursunu dəyişməlidir, ya da Avropa İttifaqı öz prinsiplərindən geri addım atmalıdır. Üçüncü bir yol isə real görünmür. Qətiyyətlə demək olar ki, Gürcüstan–Avropa İttifaqı münasibətləri hazırda dalana dirənmiş vəziyyətdədir. Bu münasibətlərin normallaşması üçün tərəflərdən birinin mövqeyində dəyişiklik baş verməlidir. Mövcud tendensiyalar isə onu göstərir ki, gələcəkdə Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlər daha da gərginləşə və soyuyaraq yeni bir böhran mərhələsinə keçə bilər".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər