Ali Təhsil Müəssisələrində "rus bölməsi"nə tələbə qəbulu dayandırılacaq?
İddia olunur ki, 2025-2026-cı tədris ili üçün Bəzi Ali Təhsil Müəssisələrində "rus bölməsi"nə tələbə qəbulu dayandırılıb.
Bu mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki,ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin bununla bağlı rəsmi açıqlaması var:
"Xəbər təkzib olunub və bildirilib ki, bəzi portallar Abituriyent jurnalının yalnız Azərbaycan dilində yayılan hissəsindən çıxış edərək yanlış nəticə çıxarıblar. Halbuki, jurnalın rus dilindəki variantında rus bölməsi üzrə ixtisas siyahısı da əks olunub. Məhz bu fərqlər yanlış anlaşmaya səbəb olub. Bununla yanaşı, bəzi media orqanlarında “Milli Təhsil 2030” proqramı çərçivəsində rus bölmələrinin mərhələli şəkildə dayandırılacağı, yalnız Azərbaycan və ingilis dilində tədrisin qalacağı barədə məlumat yayılıb. Amma rəsmi qurumlar bu xəbəri nə təsdiqləyib, nə də təkzib edib. Əsas səbəblər isə daha çox praktiki xarakter daşıyır. Çünki bəzi ixtisaslarda rus bölməsinə müraciət edənlərin sayı çox azdır. Digər tərəfdən, universitetlərdə bütün fənləri rus dilində tədris edə biləcək müəllim kadrların təmin olunması çətinləşir. Bu da həm maaş, həm də digər təşkilati məsələlərdə problem yaradır. Özəl universitetlərdə bu daha qabarıq şəkildə hiss olunur. Resurs məhdudluğu, tələbə azlığı, müəllim çatışmazlığı və tədris yükü kimi səbəblər rus bölməsinin yığcamlaşdırılmasına gətirib çıxarır. Yəni bəzi illərdə universitetlər plan yerlərini doldura bilmədikdə, həmin ixtisaslarda rus bölməsini azaltmaq və ya tamamilə bağlamaq məcburiyyətində qalırlar. Bu, normal bir haldır".
Həmçinin ekspert bildirib ki,rus bölməsinin tamamilə ləğv olunması barədə rəsmi qərar yoxdur, bu daha çox ehtimal kimi müzakirə edilir:
"Amma ehtimal gerçəkləşərsə, ali təhsil sistemində ciddi sosial, pedaqoji və strateji dəyişikliklər baş verə bilər. Bir tərəfdən Azərbaycan dilinin mövqeləri güclənər, milli kimlik və dil siyasəti baxımından dövlət dili təhsildə daha geniş yayılmış olar. Digər tərəfdən, ingilis dili bölmələrinin artması qlobal trendlərə uyğunlaşmanı sürətləndirər. Artıq bəzi universitetlər – məsələn, ADA və UNEC – rus bölmələri hesabına ingilis dili qruplarını genişləndirirlər. Bu da gənclərin beynəlxalq əmək bazarına inteqrasiyasını asanlaşdırır. Amma bunun mənfi tərəfləri də ola bilər. Rusdilli ailələr övladlarını doğma dildə oxutmaq imkanlarını itirə bilər və onları ya xaricə – Rusiya, Qazaxıstan və s. – göndərməyə, ya da özəl universitetlərə yönləndirməyə məcbur ola bilərlər. Nəticədə özəl təhsil sektoruna tələbat arta, sosial bərabərsizlik dərinləşə bilər. Eyni zamanda, rus dilində dərs deyən müəllimlərin iş imkanları azalacaq, lakin bunun əvəzində Azərbaycan və ingilis dilində dərs deyə bilən, multidilli kadrların hazırlanması daha da vacib olacaq. Bütün bunlar qəbul statistikasına da təsir göstərə bilər. Əgər rus bölməsinə maraq kəskin azalarsa, Azərbaycan bölməsində rəqabət daha da artar. Bu isə həm yeni təhsil standartlarının tətbiqinə, həm də təhsilin vahidləşdirilməsinə gətirib çıxara bilər. Əlbəttə, bütün bunlar mərhələli və inklüziv şəkildə aparılarsa, təhsilin keyfiyyəti və beynəlmiləlliyi artar. Əks halda isə sosial və siyasi gərginliklər qaçılmaz ola bilər".
Nigar Həsənzadə