Alıcılar üçün yeni mənzil imkanları
Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Mütəxəssislər enmənin xüsusilə, bahalı mənzillərin qiymətində daha qabarıq hiss ediləcəyini bildirirlər. Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb.
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov "İnformator.az"a açıqlamasında bildirib ki, normadan çox bahalı olan və tələbatı az olan əmlakların qiymətləri son vaxtlar bir az stabilləşib:
"İpoteka və ümumilikdə orta və aşağı sinif əmlaklar, xüsusilə qiyməti 150 min manata qədər olan mənzillərə tələbat 2026-cı ildə də təxminən eyni səviyyəsində qalacaq. Eyni zamanda, Bakı şəhərində tikinti şirkətləri bazara çıxarılan bir və ikiotaqlı mənzillərin qiymətlərində ucuzlaşma müşahidə olunmayacaq. Bu, demək olar ki, birmənalıdır. Əslində, 2021-ci ildən etibarən qiymət artımının əsas səbəbkarları məhz tikinti şirkətləri olub. Belə ki, almaturun qiymətinin 784 manatdan 1200 manata qədər yüksəlməsi, eləcə də tikinti icazələrinin azalması fonunda şirkətlər təhlükəsizlik məqsədilə mənzil qiymətlərini qaldırmağa başladılar. Hazırda həmin tendensiya davam edir. Ən vacib məqam isə ondan ibarətdir ki, son 5–6 il ərzində tikinti şirkətləri arasında rəqabət kəskin şəkildə azalıb. Digər tərəfdən, bazara çıxarılan əmlakların sayı da ildən-ilə azalır. Təxminən 10 il əvvəllə müqayisədə hazırda bazara çıxarılan əmlakların həcmi demək olar ki, 10 dəfə azalıb. Bu, xüsusilə Bakı şəhəri üçün çox ciddi göstəricidir. Nəticədə, bazarda tələbatla təklif arasında ciddi disbalans yaranıb və bu fərqin növbəti ildə aradan qalxacağı gözlənilmir. Səbəb isə ondan ibarətdir ki, Şəhərsalma və Arxitektura Komitəsi son 5–6 ay ərzində tikinti icazələrinin sayını xeyli azaldıb. 2026-cı ildə müəyyən dəyişikliklər başlasa belə, verilən icazələrin real bazar təsiri yalnız daha uzun müddətdən sonra hiss olunacaq. Bu baxımdan, 2026-cı ilin proqnozunun 2025-ci illə oxşar olacağını düşünürəm. Qiymətlərin azalması üçün ciddi əsas görmürəm. Əksinə, ümumi qiymət artımının minimum 10–12% səviyyəsində olacağı ehtimal olunur. Hətta bəzi ərazilərdə- xüsusilə tələbatın yüksək, infrastrukturun inkişaf etdiyi zonalarda qiymət artımı bundan da çox ola bilər ".
Günel Əlili
