Azərbaycan və Qazaxıstan arasında rəqəmsal və nəqliyyat əməkdaşlığı genişlənir
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışını ediblər. Layihə Asiya ilə Avropa arasında rəqəmsal əlaqələrin gücləndirilməsinə, Orta Dəhlizin inkişafına və yeni investisiya imkanlarının yaranmasına töhfə verəcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən nəqliyyat və infrastruktur üzrə ekspert Yasin Mustafayev bildirib ki, Çin, Asiya və Qazaxıstandan başlayaraq Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya uzanan bu layihənin ölkəmizi regionda daha kilid, vacib və strateji bir dövlətə çevirir:
"Azərbaycan-Qazaxıstan əməkdaşlığının genişlənməsi regionun strateji əhəmiyyətini artıracaq. Çin və Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan rəqəmsal dəhliz həm regional əlaqələri gücləndirəcək, həm də ölkəmizin mövqeyini daha da möhkəmləndirəcək".
Onun fikrincə, Xəzərin dibi ilə çəkilən fiber-optik kabel xətti Avropa-Asiya istiqamətində rəqəmsal dəhliz formalaşdıracaq və internet şəbəkəsinin, həmçinin rəqəmsal datanın bu xətt vasitəsilə ötürülməsini təmin edəcək:
"Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xətti məlumatların Asiyadan Avropaya dayanıqlı və sürətli ötürülməsində mühüm rol oynayacaq. Bu layihə Azərbaycanı beynəlxalq rəqəmsal şəbəkəyə daha sıx bağlayaraq ölkəmizin rəqəmsal tranzit imkanlarını genişləndirəcək".
Şərhçi bildirib ki, bu layihə ölkəyə iqtisadi cəhətdən çox böyük fayda gətirəcək, ölkənin bu sahədə gəlirlərini artıracaq və bu sahədə fəaliyyət göstərən yerli qurumlarla şirkətlərin də fəaliyyətlərini genişləndirməsinə şərait yaradacaq:
"Layihə ölkəmizə iqtisadi baxımdan böyük fayda gətirəcək. Rəqəmsal tranzitdən əldə olunan gəlirlər artacaq, bu sahədə fəaliyyət göstərən şirkətlər üçün yeni imkanlar yaranacaq. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafı investisiyaların cəlbinə də müsbət təsir göstərəcək".
Sondaki fikrinə əsasən, həm yüklərin daşınması, həm də tranzit daşımaları vasitəsilə ölkəyə daxil olan vəsaitlərin və resursların daha da çoxalacağı qeyd edilir:
"Orta Dəhlizin inkişafı həm yükdaşımaların, həm də rəqəmsal məlumatların ötürülməsinin genişlənməsinə şərait yaradacaq. Yeni yük gəmilərinin əldə olunması isə nəqliyyat imkanlarını artıraraq Azərbaycanın regional tranzit və logistika mərkəzi kimi mövqeyini daha da gücləndirəcək".
Fatimə İbrahimova