“Arktika qarşıdakı dövrdə əsas geosiyasi mübarizə məkanına çevriləcək” - ŞƏRH
ABŞ dövlət katibi Marko Rubio mayın 22-də NATO ölkələrinin xarici işlər nazirlərinin İsveçin Helsinqborq şəhərində keçiriləcək görüşündə iştirak edəcək. Görüşdə müdafiə xərclərinin artırılması, alyans daxilində yükün bölüşdürülməsi, həmçinin Arktikada təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Rubio səfər çərçivəsində İsveçin Baş naziri Ulf Kristersson və NATO Baş katibi Mark Rutte ilə də ikitərəfli görüşlər keçirəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin Arktikaya xüsusi diqqət yetirməsi beynəlxalq münasibətlərdə geosiyasi rəqabətin yeni mərhələyə keçməsi ilə bağlıdır. Arktika yaxın gələcəkdə həm strateji mövqeyinə, həm də zəngin mineral ehtiyatlarına görə əsas mübarizə məkanlarından birinə çevriləcək:
“Artıq baş verən hadisələr göstərir ki, Arktika uğrunda mübarizə başlayıb. Bu prosesdə əsas aktiv tərəflər Rusiya, Çin və ABŞ-dir.
ABŞ üçün Arktika həm də yeni nəqliyyat marşrutlarının və alternativ dəhlizlərin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Vaşinqton NATO-nu da bu prosesə daha fəal şəkildə cəlb etməyə çalışır”.
Asif Nərimanlı bildirib ki, ABŞ Avropa ilə münasibətlərdə “öncə Amerika” prinsipindən çıxış edir və əsas məqsəd öz maraqlarını təmin etməkdir. Bununla belə, Vaşinqton NATO və Avropa ölkələrinin də Arktika siyasətində iştirakını istəyir:
“Qarşıdakı dövrdə ABŞ liderliyində Avropa və NATO üzvlərinin Arktika uğrunda mübarizədə daha fəal iştirak etdiyini görə bilərik. ABŞ Arktikadakı geosiyasi rəqabətin maliyyə yükünü təkbaşına daşımaq istəmir və NATO ölkələrinin də daha çox vəsait ayırmasını tələb edir.
Vaşinqton hesab edir ki, bu prosesin bütün yükü yalnız ABŞ-nin üzərində olmamalıdır.
ABŞ uzun illər Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə olub. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra Avropa ölkələrinin müdafiə xərclərini artırması tələbi daha sərt şəkildə gündəmə gətirilib. Bunun əsas səbəblərindən biri ABŞ-nin maliyyə yükünü azaltmaq, digər səbəb isə Amerika müdafiə sənayesinin gəlirlərini artırmaqdır. Avropa ölkələri müdafiə xərclərini artırdıqca, əsas silah təchizatçılarından biri yenə ABŞ olacaq. Avropa ölkələri uzun illər müdafiə sahəsinə kifayət qədər diqqət ayırmayıb və əsas maliyyəni sosial və iqtisadi layihələrə yönəldib. Lakin Rusiya-Ukrayna müharibəsindən sonra təhlükəsizlik məsələləri yenidən prioritetə çevrilib. Avropa artıq müdafiə xərclərini artırmağa məcburdur. Vaşinqton xüsusilə İsveç və digər Skandinaviya dövlətləri ilə əməkdaşlığı gücləndirməyə çalışır. ABŞ bundan sonra da Skandinaviya ölkələri ilə daha sıx əməkdaşlıq etməyə çalışacaq. NATO daxilində ciddi fikir ayrılıqları və qeyri-müəyyənlik mövcuddur. ABŞ isə alyans rəhbərliyini öz mövqeyinə yaxın saxlamağa çalışır”.
Fatimə Hüseynli