00:00:00
Yazar
Admin User
24.05.2025 15:19 37 4 dəq oxuma
Sosial

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib

2025-ci il mayın 24-də “Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib.
“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib

2025-ci il mayın 24-də “Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşəbbüsü ilə “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsinin tərkib hissəsi olaraq həyata keçirilib.

Konfransın əsas məqsədi ictimaiyyət arasında piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirmədir.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqini “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva edib. O, rəhbərlik etdiyi ictimai birliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, işğaldan azad edilmiş ərazilərdə görülən bərpaedici işlərdən, keçirilən sağlamlıq aksiyalarından bəhs edib. Y. Abdıyeva qeyd edib ki, artıq çəkidən əziyyət çəkən insanların sayının artması qlobal miqyasda narahatedici göstəricidir və bu istiqamətdə davamlı maarifləndirmə zəruridir.

Konfransın əhəmiyyətinə toxunan millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov bildirib ki, piylənmə sadəcə zahiri görünüşlə bağlı deyil, ciddi sağlamlıq riskləri yaradan problemdir və bu sahədə vahid yanaşmaların formalaşdırılması böyük əhəmiyyət daşıyır. O, həmçinin “Ateroskleroz və kliniki protokollar: necə etməliyik və nə üçün?” mövzusunda çıxış edərək müasir yanaşmalar və tətbiq olunmalı praktik addımlar barədə fikirlərini bölüşüb.

Həmçinin açılışda çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən professor Hikmət İbrahimli və Yeni Klinikanın direktoru dr. Barat Yusubov artıq çəki və piylənmənin ictimai səhiyyə üçün ciddi problem olduğunu vurğuladılar. Onlar bu sahədə maarifləndirici və profilaktik tədbirlərin vacibliyindən, beynəlxalq təcrübənin öyrənilməsindən və sağlam həyat tərzinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiyasından söz açdılar.

Konfransda çıxış edən akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb və konfransın təşkilinə görə Yazgül Abdıyevaya təşəkkürünü bildirib. O, həmçinin oftalmologiya sahəsindəki yeniliklər və tətbiq olunan proqramlar barədə konfrans iştirakçılarına məlumat verib.

C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, prof. G. Dadaşova da tədbirdə çıxış edərək, konfransın əhəmiyyətindən və artıq çəkinin kardioloji təsirlərindən bəhs edib.

Daha sonra konfrans iştirakçılarına "Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək" adlı maarifləndirici videoçarx təqdim olunub.

Konfransın bədii hissəsində Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova və bəstəkar, ifaçı Çilənay Hüseynovanın ifasında rəqs ansamblının müşayiəti ilə müxtəlif musiqi nömrələri təqdim edilib.

Konfrans Professor Kamran Musayev, Dr. Kəmalə Paşayeva, Dr. Xəyyam Eyvazov, Kader Bekmezci Demiralp, t.e.d. Aynur Səfiyeva, Mehtap Şafak və Dr. Xalidə Babayevanın moderatorluğu ilə keçirilib.

Konfrans çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif təqdimatlar keçirilib. Türkiyədən dəvət olunmuş sağlam qidalanma üzrə mütəxəssis dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp, ümumi nəfəs terapisti Neşe Kutlutaş, t.ü.f.d. Ağayeva Gülnarə, t.ü.f.d. Rafiq Yusifli, oftalmoloq-cərrah t.ü.f.d. Mirana Mirişova, t.e.d. Yaqut Hacıyeva, t.ü.f.d. Təranə Tağızadə, dr. Arzu Hüseynova, endokrinoloq dr. Xəyyam Eyvazov və dietoloq dr. Nərmin Novruzova müxtəlif mövzularda çıxış ediblər.

Təqdimatlarda artıq çəkinin və piylənmənin ürək-damar, qaraciyər, pankreas, göz və endokrin sistemə təsiri, psixoloji səbəbləri, sağlam qidalanma, nəfəs texnikaları, tibbi və sosial yanaşmalar, həmçinin etik və ailədaxili aspektləri əhatə edən mövzular müzakirə olunub. Sonda mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və sual-cavab sessiyası keçirilib.

Həmçinin Şairə Rəfiqə Abbasova da konfransın maraqlı olduğunu qeyd edib, iştirakçılara uğurlar arzulayıb və sonda öz şeirlərindən birini səsləndirib.

Əlavə olaraq qeyd edək ki, Türkiyədən dəvət olunmuş qonaqlara tədbirin sonunda xüsusi təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, konfransda 350 nəfərdən çox iştirakçı iştirak edib. Azərbaycanla yanaşı, Türkiyədən də qonaqlar qatılıb. Tədbirdə, həmçinin millət vəkilləri, QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, elmi bilik və praktik təcrübə mübadiləsi üçün faydalı platforma kimi qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və gələcəkdə bu mövzulara həsr olunmuş daha geniş formatlı tədbirlərin təşkili planlaşdırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər