Avropa İttifaqı Ermənistanın hərbi yardım tələbini rədd etdi
Avropa İttifaqıın(Aİ) Ermənistanın hərbi yardım tələbini rədd etməsi qərarı Ermənistanda narazılıqla qarşılanıb. Çünki Avropa İttifaqının missiyası İrəvanda yerləşdiriləndə onlar İttifaqın həm də hərbi tərəfdən dəstəyini hiss edəcəklərini düşünürdülər.Çünki bu bir növ İrəvanın Qərblə yaxınlaşması kimi xarakterizə edilirdi.Bəs İttifaq Ermənistana niyə yox dedi? İnformator.az sualı cavablamağa çalışıb.
Avropa İttifaqı Ermənistana hərbi dəstək verməyəcək. İttifaq İrəvanın müraciətinə mənfi geridönüş edib.Ancaq bu qərar Ermənistanın ürəyincə deyil. Hətta Ermənistan parlamentinin spikeri Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşərkən Aİ-nin imtinasından şikayətlənib. Aİ hərbi yardımdan imtina kimi İttifaqın Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı”nı əsas gətirib. Ermənistan tərəfi isə yardımın müdafiə xarakterli olacağını irəli sürərək bunu qaydadan kənara çıxma halı hesab etmir. Lakin Avropa İttifaqı Missiyası hazırda Ermənistandadır. Rusiya isə lap əvvəldən bu situasiyadan narahatdır. Analitiklər Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzvlüyünü də nəzərə alaraq İttifaqın Ermənistana “yox” deməsini həm də bu amillərlə əlaqələndirirlər.
İkinci Qarabağ müharibəsindən sonra hərbi vəziyyəti acınacaqlı hala düşən Ermənistan özünə yeni alternativlər axtarır. Fransa və Hindistan bu istiqamətdə İrəvanın əsas dəstəkçiləridir. Adıçəkilən ölkələrin müxtəlif vaxtlarda ermənilərə silah tədarükü həyata keçirdiyinə dair faktlar var. Mütəxəssislərin sözlərinə görə, Ermənistan bütün mümkün vasitələrdən istifadə edərək ordusunu gücləndirməyə çalışır. Çünki hərbi dəstəyi də əhatə edən Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının İrəvanın apardığı qeyri-adekvat siyasət nəticəsində ölkə ilə münasibətləri soyuqlaşıb.
Ermənistanın yardım üçün müraciət etdiyi Avropa İttifaqının Sülh fondu 2021-ci ildə İnkişaf Etməkdə Olan Ölkələrə hərbi texnika almağa kömək üçün yaradılıb. Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. 2022-ci ilin fevralında başlayan Rusiya -Ukrayna müharibəsindən sonra fonddan 5 milyard dollar hərbi yardım alan Ukrayna onun əsas benefisiarıdır.
Şəbnəm
